Braziliya "Santos"u "Barselona"nın hücumçusu Lionel Messinin bir klubdakı qol sayında Pelenin rekordunu keçməsinə dair iddialarla razı deyil.
 
Matc.az xəbər verir ki, San-Paulo təmsilçisi bununla bağlı rəsmi açıqlama yayıb.
 
Dekabrın 23-də Messi İspaniya La Liqası çərçivəsində "Valyadolid"ə 3:0 hesabı ilə qalib gəldikləri oyunda fərqlənməklə "Barselona"da ümumilikdə 644-cü qolunu vurub. Pelenin isə "Santos"un heyətində 643 qol vurduğu göstərilib.
 
Lakin Braziliya klubunun rəhbərliyi hesab edir ki, statistikaya yoldaşlıq görüşlərindəki qolları da daxil etmək lazımdır. Bu halda, Pelenin aktivindəki topların sayı 1091-ə çatacaq: "Yoldaşlıq görüşlərində vurulmuş 448 qolun guya az əhəmiyyət kəsb etdiyi bildirilir. Halbuki qollar Meksika "Amerika"sı, çili "Kolo Kolo"su, İtaliya "İnter"i, İspaniya "Real"ı kimi həmin mövsümlərin güclü komandaları ilə oyunlarda vurulub. Messinin hazırda oynadığı "Barselona"nın özünə Pele 4 qol vurub. Bəzi tarixçilər iddia edirlər ki, 448 qolun çoxu zəif və ya regional komandaların qapısından keçirilib. Amma hətta belədirsə də, bu matçlar bütün rəsmi qaydalar və protokollara əməl edilməklə gerçəkləşib. Statistik göstəriciləri hazırlayarkən, rəqiblərin səviyyələrini qiymətləndirməmək düzgün deyil".
 
Qeyd edək ki, Pele "Santos"da 1957-1974-cü illərdə forma geyinib və 656 oyunda 643 qola imza atıb. Braziliyalı hücumçunun adı Ginnesin Rekordlar Kitabına salınıb. Müxtəlif mənbələrdə onun 1279-1283 aralığında qol vurduğu göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest