"Ancaq indi ölkəsinin ən yaxşı komandasına gəlmişəm. Oyunu daim nəzarətdə saxlayan bir komandadayam, mənim üçün fərq budur"

"Qarabağ"ın futbolçusu Patrik Andradenin müsahibəsi
 
- Premyer Liqada qış fasiləsinə 2-ci sırada yollandız. İlk dövrəni necə dəyərləndirirsən?
- ümumi götürsək, müsbət dəyərləndirirəm, baxmayaraq ki, çox çətin keçdi. Avroliqada oyunları öz meydanımızda deyil, ölkə xaricində keçirilməli olurduq. Hər üç gündən bir oynayırdıq, qısa zaman ərzində həm İstanbula, həm də Təl-Əvivə (İsrail) uçurduq. Sıx qrafik var idi. Buna baxmayaraq, ilk dövrəni komandamız üçün müsbət dəyərləndirərdim.
 
- Son turda "Zirə" üzərində çətin qələbə qazandız. Oyunla bağlı fikirlərin nədir?
- Həqiqətən, ilin son oyunu dramatik, maraqlı, həm də çox çətin alındı. "Zirə" yaxşı komanda təsiri bağışladı və əks-hücumlarda təhlükəli epizodlar yaratdı. Hesabda geridə olsaq da, dönüş edə bildik və ilin son oyunununda qələbə qazandıq. Son oyunda qalib gəlmək çox vacib idi. Komanda əzmkarlıq, xarakter göstərdi və nəticədə qələbə qazandıq.
 
- "Qarabağ"dakı debütünü necə qiymətləndirirsən?
- İstənilən halda, yeni çempionata gəldikdə uyğunlaşmaq üçün zaman tələb olunur. Mən də komandaya daha tez uyğunlaşmaq üçün çox çalışmalı oldum. çox işləyəndə zəhmətinin bəhrəsini də görürsən. Daha çox komanda oyununa uyğunlaşmağa üstünlük verirəm. Tam olmasa da, nəyinsə alındığını deyə bilərəm.
 
- Azərbaycandan əvvəl Portuqaliya və Bolqarıstanda çıxış etmisən. Bu üç ölkə futbolu arasında hansı fərqləri müşahidə edə bildin?
- Sadaladığınız ölkə çempionatlarının ortabab komandalarında oynamışam. Yaxşı komandalar idi, lakin səviyyəsinə görə yüksək deyildilər. Ancaq indi ölkəsinin ən yaxşı komandasına gəlmişəm. Oyunu daim nəzarətdə saxlayan bir komandadayam, mənim üçün fərq budur. Biri var ortabab komanda üçün oynayasan, biri də var dominantlıq edən komandada olasan.
 
- Azərbaycan Premyer Liqasında dominantlıq edən, rəqiblərinə 5-6 qol vuran "Qarabağ" Avropa arenasında bu mövsüm uğursuz çıxış etdi və turniri qələbəsiz başa vurdu. Komandanın Avroliqadakı qələbəsinə nə mane olurdu?
- Burda bir çox faktorlar var. Bayaq da qeyd etdim, tez-tez səfərlərə gedirdik. Həm səfər, həm də ev oyunumuzu ölkə xaricində keçirilməli olduq. Koronavirusa yoluxan bir çox vacib oyunçularımız da oldu və bunlar da öz sözünü dedi. Premyer Liqadakı qələbələrimizə gəldikdə, mən əvvəldə də qeyd etdim, "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır, ona görə. Avroliqa isə daha fərqli, səviyyəli turnir olduğu üçün yerli çempionatdan fərqlənir və nəticə özünü göstərir.
 
- Bolqarıstanda cəmi bir mövsüm keçirmisən. Karyeran daha çox Portuqaliya ilə bağlıdır. Orda "Qarabağ"ı necə tanıyırlar və Azərbaycanda müharibə şəraiti olarkən səninlə maraqlanırdılarmı?
- Əlbəttə, "Qarabağ" son illərdə müntəzəm olaraq avrokuboklarda çıxış edir. Futbolun içində olan insanlar "Qarabağ"ı tanıyır. Mən də daha əvvəldən bu komandanı tanıyırdım. Yaxınlar, tanışlar müharibə zamanı mənimlə müntəzəm əlaqə saxlayırdılar. Onlara müharibənin bizdən uzaqda olduğunu, narahatçılığa əsas olmadığını bildirirdim. Daha sonra qələbə ilə bağlı insanların necə sevincli olduqlarını, bunu qeyd etdiklərini də onlara danışmışam.
 
- "Qarabağ"la hədəflərin nələrdir?
- "Qarabağ"dakı hədəfim mümkün qədər çox oyunlarda iştirak etmək, komandama faydalı olmaq, qol vurub, məhsuldar ötürmələr etməkdir. "Qarabağ"la əsas hədəfim çempionluq qazanmaqdır. (komanda.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest