"İndiki məqamda kimisə göndərmək niyyətimiz yoxdur. Amma sabah hər hansı futbolçu getmək istədiyini desə, onu saxlamayacağıq. Prins İbarada da belə oldu. Burada xoşbəxt deyildi. çempionata uyğunlaşa bilmədi. Danışdıq, getdi".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov yarımmüdafiəçi Saman Nərimancahanın komandadan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.
 
42 yaşlı mütəxəssis nəinki iranlı futbolçunu, heç bir oyunçunu göndərmək barədə düşünmədiyini bildirib: "Saman az oynayır deyə belə xəbərlər yazılır. Hazırda heyətdə olan bütün futbolçuların qalmasını istəyirəm".
 
Yeni transferlər barədə də danışan Abasov bir hücumçu almaq istədiklərini söyləyib: "Bu mövqe üçün vakansiyamız var. Bilirsiniz ki, əlimizdə yalnız bir forvard qalıb, o da Mirabdulla Abbasovdur. Namiq Ələsgərovu da qeyd edərdim, amma o, sırf hücumçu deyil. Yaxşı oyunçu olsa, götürmək istəyirik. Lakin alınmasa, dərd etməyəcək, başımıza döyməyəcəyik. çünki hazırkı heyət bizi qane edir".
 
Qeyd edək ki, "Neftçi" yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi"ndə təlim-məşq toplanışı keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest