Azərbaycan kubokunda mübarizəni erkən dayandıran "Neftçi" transfer dönəmindəki fəallığını davam etdirir. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi bununla yanaşı, heyətində də təmizləmə işlərinə başlayıb.

Dünən yarımmüdafiəçi Rəşad Eyubovla yollarını ayıran və hücumçu Kvame Karikarinin müqaviləsinə xitam verməyə çalışan "Neftçi"dən ayrılması gözlənilən daha iki əcnəbi müəyyənləşib. Maraqlıdı ki, bakılıların "qara siyahı"sındakı digər iki şəxs də cari mövsümün əvvəlində transfer edilənlərdi.

Belə ki, müdafiəçi Slavko Braliç və yarımmüdafiəçi Qoran Paratskinin ilk yarıdakı çıxışı baş məşqçi Roberto Bordinin ürəyincə olmayıb.

Kapitan Ruslan Abışovun uzun müddətə sıradan çıxmasına baxmayaraq, yenə də əsas heyətə düşə bilməyən Braliç ən uğursuz transferlər arasında göstərilir. Həmçinin orta sahə oyunçusu Paratski də oyunlar zamanı əsasən ehtiyatdan mübarizəyə qoşulub. Hər iki oyunçunun müqavilə müddətinin mövsümün sonuna qədər olması rəhbərliyin işini çətinləşdirən amildi. Bununla belə, yeni transferlərə yer açmaq istəyən klub Paratski və Braliçlə qış fasiləsində vidalaşmaq üçün onlarla danışıqlar aparır.

Qeyd edək ki, yayda Slavko Braliç "Şiroki Brieq"dən Qoran Paratski isə "Vellinqton Feniks"dən alınmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest