"Qəbələ" 2020/21 mövsümünün ikinci hissəsi üçün hazırlığa start verib.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 13-cü turunun dekabrın 24-də "Səbail"ə qarşı keçirilən oyunundan (3:1) sonra istirahətə buraxılan "qırmızı-qaralar" dünən bir araya gəlib.
 
Komanda hazırlığa Qəbələdə başlayıb. Elmar Baxşıyevin yetirmələri toplanışın ilk günündə bir məşqlə kifayətlənib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi yüngül məşqdən ibarət olub. "Qırmızı-qaralar" bu gün iki məşq edəcək.
 
Yanvarın 13-dək Qəbələdə məşq edəcək əyalət təmsilçisi hazırlığını Bakıda tamamlayacaq. "Qırmızı-qaralar" yanvarın 14-də "Sumqayıt"la yoxlama oyununda qüvvəsini sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest