"Qəbələ"nin futbolçusu Ceyms Adeniyinin İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçidi baş tutmayıb.
 
Matc.az xəbər verir ki, Kiryat-Şmona təmsilçisi nigeriyalı hücumçunun xidmətindən imtina edib.
 
Tərəflər bir müddət öncə keçidlə bağlı razılıq əldə etsələr də, artıq danışıqlar prosesi dayandırılıb. Klub rəhbərliyi koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəbindən qış fasiləsində əcnəbi oyunçu transfer etməməyi qərara alıb.
 
Adeniyinin özü bir neçə gün öncə "Zirə" və "Keşlə" klublarından da təklif aldığını söyləyib.
 
Məsələ ilə bağlı "Report"a açıqlama verən "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev 29 yaşlı forvardın komanda ilə birlikdə məşqləri davam etdirdiyini bildirib: "Gələcəkdə nə olacağını zaman göstərəcək. Onun hansısa klubla danışıq aparması normaldır. Açığı, İsrail klubuna keçidinin alınmaması ilə bağlı məndə məlumat yoxdur. "Keşlə" və "Zirə" məsələsinə gəlincə, rəsmi şəkildə təklif almamışıq. Futbolçu hələlik bizimlədir".
 
Qeyd edək ki, Ceyms Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest