İspaniyanın "Real" klubunun futbolçusu Luka Yoviç karyerasını Almaniyada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, serbiyalı hücumçu sabiq komandası "Ayntraxt"a keçəcək.
 
Bu barədə Frankfurt təmsilçisinin idman direktoru Fredi Bobiç Almaniya mətbuatına açıqlamasında deyib. O, Yoviçi mövsümün sonuna qədər icarəyə götürəcəklərini bildirib:
 
"Yoviçi yaya qədər icarəyə götürəcəyik. Hələ bir az işimiz qalıb, tibbi müayinədən uğurla keçdikdən sonra hər şey qaydasında olsa, bizimlə müqavilə imzalayacaq".
 
Yoviç, 2017-2019-cu illər aralığında "Ayntraxt"da çıxış edib. Serb forvard 2019-cu ilin yayında 60 milyon avro qarşılığında "Real"a keçib.
 
Yoviç Madrid klubunda bu mövsüm 5 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest