Azərbaycan daha bir Olimpiya medalından məhrum edilə bilər. Matç.az xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) təkrar dopinq testlərin nəticələrini açıqlayıb.

2012-ci ildə keçirilmiş London Olimpiadasında iştirak etmiş idmançılardan bəzilərinin təkrar testləri müsbət nəticə verib. Onların arasında həmin yarışların bürünc medalını qazanmış Azərbaycan təmsilçisi Valentin Xristov da var. 56 kq çəki dərəcəsində mübarizə aparan bolqar legionerin sidik analizlərində qadağan olunmuş dehidroxlorometiltestosteron maddəsi aşkar edilib.

Ondan başqa Melina Daluzyan (Ermənistan), Mikalay Novikau (Belarus), Oleksey Toroxiti (Ukrayna) və Ruslan Nurudinov (özbəkistan) da testlərdə "ilişib". Bütün atletlərin qarşıdakı idman yarışlarında iştirakı məhdudlaşdırılıb.

İWF-dən verilən açıqlamada bildirilib ki, qurum Olimpiadadakı nəticələrin müəyyən edilməsi haqqını özündə saxlayır və bu barədə əlavə heç bir açıqlama verməyəcək.

Qeyd edək ki, Olimpiya Oyunlarında qazandığımız mükafatların ləğv edilməsi halı daha əvvəl də müşahidə edilib.

Azərbaycanlı ağırlıqqaldıran Nizami Paşayevin də dopinq analizləri müsbət çıxdığı üçün Pekin-2008 Olimpiadasında qazandığı 5-ci yer və diploma əlindən alınmışdı.

Elə həmin yarışlardan gümüş medal qazanmış yunan-Roma güləşçimiz Vitali Rəhimov da sonradan eyni səbəbdən mükafatı ilə vidalaşmalı olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest