"Dünən yoldaşlıq görüşündə "Sabah"a 0:1 hesabı ilə uduzduq. Amma bu gün məşqləri bərpa edirik".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev qış təlim-məşq toplanışı barədə danışarkən deyib.
 
40 yaşlı mütəxəssis hazırlıq prosesinə yanvarın 8-də qoşulan futbolçuları çempionat matçına hazır etməyə çalışdıqlarını bildirib: "Futbolçuların istədiyimiz formaya gəlib çıxmaları üçün vaxt lazımdır. Amma onların yanaşmalarından razıyam, fiziki məşqlər və yoldaşlıq görüşündən razı qaldım".
 
Hacıyev "Sabah"a məğlub olsalar belə, oyuna daha çox nəzarət etdiklərini vurğulayıb: "Bunu kənardan izləmək xoş idi. Sadəcə, ilk hissədə bir neçə epizod yaxaladıq, onları qola çevirmək lazım idi, amma bacarmadıq. Bu gün yoldaşlıq görüşündə nəticəyə fikir vermirik. Oyunçuların durumu bizim üçün önəmlidir. Ancaq hücumlarımızın sonluğunu düşünməliyik. Qol vura bilməsək, xallar qazanmayacağıq. İnanırıq ki, çempionatda hazırlıq prosesinin və yoldaşlıq oyununun faydasını görə biləcəyik. Sevinirik ki, qısa toplanışı zədəsiz başa vururuq. Sabah futbolçulara istirahət verəcəyik, növbəti gündən isə "Neftçi" ilə oyuna hazırlaşacağıq".
 
Qış fasiləsində 6 oyunçu ilə vidalaşdıqlarını xatırladan baş məşqçi heyətlərinə ən azı 3 yeni futbolçu cəlb etmək istədiklərini söyləyib: "Gedən futbolçuların karyeraları burada alınmadı. İnanıram ki, istədikləri komandanı tapacaqlar. Transferlə bağlı axtarışlarımız davam edir. İki futbolçu ilə danışıqlar gedir. Rəsmi nəsə olmadığı üçün bir qədər gözləmək lazımdır. Müdafiə, yarımmüdafiə və hücumda universal ola biləcək futbolçu axtarırıq".
 
Hacıyev Premyer Liqanın 14-cü turunda "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb: "Kimə qarşı oynayacağımızı biirik. Hər matç bizim üçün önəmlidir. "Neftçi" yaxşı nəticələr qazanır. Bu yaxınlarda komandada baş məşqçi dəyişikliyi olub. Belə olan halda futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Bu qarşılaşmada çox güc sərf etməliyik. çalışacağıq ki. ən azı müqavimət göstərək və nəticə qazanaq".
 
Qeyd edək ki, yanvarın 21-də keçiriləcək "Səbail" - "Neftçi" oyunu saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest