Topaz Premyer Liqasında qış fasiləsinə sonuncu pillədə yollanan "Zirə" əcnəbi hücumçu transfer edəcək. Bunu matç.az saytına açıqlamasında komandanın baş məşqçisi Samir Abasov deyib.

40 yaşlı mütəxəssis yalnız ön xəttə əcnəbi almaq istədiklərini vurğulayıb: "İki əcnəbi futbolçu ilə danışıq aparırıq. Ancaq bu məsələdə bizdən asılı olmayan şeylər var. Onların ürəklə gəlmək istəməmələri işimizi çətinləşdirir. Hazırda yalnız hücum xəttinə əcnəbi oyunçu axtarırıq, bütün diqqətimizi buna yönəltmişik. çalışırıq hətta iki hücumçu gətirək. Yerlilərin məsələsində isə gedənlər gələnlərin sayına görə müəyyənləşəcək".

Paytaxt klubunun çalışdırıcısı Adil Nağıyevin "Sumqayıt"a yollanmaq variantına da münasibət bildirib: "Başqa klublardan rahat transfer edə bilmirik. Buna görə bizim də kimisə asanlıqla buraxmaq fikrimiz yoxdu. Hazırda ən real danışıq Adil Nağıyevlə bağlıdı. Əgər mərkəz müdafiəçisi gedirsə, onun yerini də mütləq doldurmalıyıq. Bu baxımdan Bəxtiyar Həsənalızadə yaxşı seçim olar. Bu məsələ 10 dəqiqəyə də həll ola bilər, bir neçə günə də".

Abasov sonda komandanı tərk edəcəyi ilə bağlı söz-söhbət gəzən qapıçı Anar Nəzirovun məsələsinə də aydınlıq gətirib. O, kapitanın gedişini müzakirə etmədiklərini söyləyib: "Anarın komandadan ayrılmaq məsələsi gündəmimizdə deyil. çünki bu barədə nə özü bizə müraciət edib, nə də onu istəyən hansısa klub. Ola bilər ki, ona nəsə deyiblər və ya digər klublarla danışıq mərhələsindədi. Əgər Anar gəlib desə ki, filan kluba getmək istəyirəm, o zaman danışıq apara bilərik. Ancaq indi konkret təklif almamışıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest