Azərbaycan Premyer Liqasının XIV turu sərt karantin rejimindən sonra çempionatın davam etməsi və nəticələriylə deyil, daha çox Vətən müharibəsində iştirak etmiş Kamal Umudlunun alqışlanmasıyla yadda qaldı. 44 günlük döyüşlərin iştirakçısı olan gənc hakim "Səbail" - "Neftçi" matçında hər iki komandanın futbolçularının yaratdığı Zəfər dəhlizindən keçdi. Vətən müharibəsinin bütün iştirakçıları böyük hörmətə layiqdi və bəri başdan həm ideya sahibləri olan Aslan Şahgəldiyev və Elgiz Abbasova, həm Kamala "çox sağ ol" deyirik.  

Umudlu Zəfər dəhlizinə daxil olub alqışları qəbul edəndə, qəhərlənməmək mümkünsüz idi. Müharibənin ilk günləri Xalq birliyi, işğaldan azad edilən kəndlərimiz, Prezidentin tvitləri və xalqa müraciəti, sosial şəbəkələrdə hamını kövrəldən paylaşımlar, noyabrın 10-da ermənilərin kapitulyasiyaya məcbur edilməsi - nə gözəl günlər idi - hamısı gözlərim önündə canlandı. ürəyimdə "kaş bu qarşılaşma Olimpiya Stadionunda, dolu tribunalar önündə keçirilərdi" dedim. Heç vaxt ünsiyyətdə olmadığım Kamala görə çox sevinirdim. Hətta özüm özümə dedim ki, kaş Umudlu karyerasının son oyununda da meydanı bu cür alqışlarla tərk edə. İndiyədək Azərbaycanda belə bir hadisənin baş verdiyi yadıma gəlmir. Düzdü, səhvsiz hakim yoxdu və bu hal Umudluda da olub. Amma hər şey arxada qalıb, Kamal indi zirvədədi və ordan düşməsini heç istəməzdim.

Heç istəməzdim ki, bütün bu təmtərağın ardından milyonların gözü qarşısında Zəfər dəhlizindən keçən Vətən müharibəsi iştirakşısı hansısa oyundan sonra evinə qələbə qazandırdığı qonaq komandanın baş məşqçisi ilə eyni qatarda/avtomobildə qayıtsın. Düşmənə diz çökdürən, bir andaca bütün ölkədə məşhurlaşan şəxs heç vaxt dilinə "heç-heçəyə 15 dənə verirlər" ifadəsini gətirməməli, yüzlərlə insanın qarşında klub prezidentini qucaqlayıb öpməməli, yaxın adamının işlədiyi komandaya rəğbət bəsləyib, olmayan penalti təyin etməməli, həmkarının telefon söhbətini tabe olduğu, pul aldığı kəslərə göstərməklə hədələməməlidi. Otellərin birində toplanışa yığışan həmkarlarına fahişə təşkil etmək, qələbə qazandırdığı komandadan alacağı rüşvətə gecənin bir aləmində xanım göndərmək kişiyə, müharibə iştirakçısına heç yaraşmaz.  

Az qala bütün ölkənin bildiyi belə biabarçı faktların siyahısını genişləndirmək də mümkündü. Kimlikləri də bəllidi. Amma ümid edək ki, Zəfər dəhlizində göz yaşlarına hakim ola bilməyən Kamalın "kitabça"sına buna oxşar hadisələr yazılmayacaq və o zaman karyerasının sonunda layiq olduğu hörməti yenə görəcək.

Fitiniz haqsız səslənməsin, cənab Umudlu!

Orxan

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest