Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun növbəti Konfransından sonra mətbuat konfransı keçirib. Matc.az saytının məlumatına görə, o, onlayn formatda jurnalistlərin suallarını cavablandırıb.
 

- Fritz Ştuxlikin müqavilə müddəti bitib. Onunla yeni sözləşmə imzalanıbsa, bu, rəsmi şəkildə niyə açıqlanmayıb?
- Bu məlumat düzgün deyil. Onun sözləşməsi bitməyib. Bundan əlavə, sədr kimi 4 illik dövriyyə təsdiq olunur. İcraiyyə Komitəsi tərəfindən Hakimlər Komitəsinin sədri kimi Ştuxlik təsdiq olunub. Müqavilə məsələsində hər hansı tərəfdə problem yaransa, bu məsələ müzakirə olunur. 4 il ərzində sözləşməyə xitam da verilə bilə, uzadıla da. Bunun üçün Komitənin xüsusi iclasına ehtiyac yoxdur.

- ötən il ərzində pandemiya ilə bağlı problemlər ortaya çıxdı. Komanda sayının artımı ilə bağlı müzakirə olundumu?
- AFFA-nın bununla bağlı ümumi strategiyası var. Məqsədimiz minimum 10 komandanın çempionatda iştirakıdır. Əslində, bir il əvvəl sayı 10-a çatdırmalı idik. Lakin pandemiya və əlavə sponsorların cəlb edilməsi ilə bağlı problemlər yarandı. Mart-aprel aylarında bu məsələ yenidən müzakirə olunacaq. Potensial sponsorlarla davamlı danışırıq. Birinci divizionda davamlı olaraq neçə ildir ki, maliyyələşdiririk və bu proses davam etdirilir. Biz niyə bu klubları maliyyələşdiririk? Sizcə, Zaqatalada, Gəncədə, Tovuzdakı klubları maliyyələşdirməyimizin səbəbi nədir?

- Əvvəllər hər hansı iş adamı yatırım etmək istədikdə güzəştlər istəyirdilər. Ancaq qarşılıqlı şəkildə səhvlərin nəticəsidir ki, AFFA həmin bölgələrdə komandaları özü maliyyəşləşdirir…
- Bu məsələ futbol ictimaiyyətində tez-tez müzakirə olunur. Demirəm ki, AFFA olaraq hər şeyi möhtəşəm edirik. Ola bilsin ki, mövqeyimiz sizi razı salmasın. Biz klubları ona görə davamlı maliyyələşdiririk ki, hansısa iş adamı futbola gəldikdə hazır komanda olsun. Biri var sıfırdan başlasın, orada peşəkar futbol olmasın, biri də var hazır komanda. Bəlkə hansısa İcra Hakimiyyəti və ya iş adamı klub maliyyələşdirməyə çalışacaq. Futbol tam şəkildə prioritet deyil. Biz daha çox iş adamlarından bu addımı gözləyirik. Biz mütəmadi əlaqələrimizi qururuq, məlumatlandırırıq ki, AFFA maliyyə ayırır ki, həmin bölgədə futbol yaşasın. Bizim klublarla əvvəllər də münasibətimiz çox yaxşı idi. Bizi rahat tənqid də edirdilər, heç vaxt küsmürdük. Ola bilər ki, klublarımızın sahibləri hansısa güzəşt gözləyirdilər. Dövlət qurumları ilə də müzakirələr aparmışıq. İki il əvvəl dövlət tərəfindən güzəştlər olunub. Vergilər nazirliyi 2018-ci ildə güzəştli şərtlər təklif edib. Hansı klub müraciət edib, dövlət də ona baxmayıb? İş adamlarının həmin vaxt maliyyə imkanı olduğu üçün futbola pul buraxırdılar. Sonra bizneslərində hansısa problem yarandığı üçün futboldan əllərini çəkdilər. Futbol məcburi olmur. Şərqi Avropa ölkələrində futbol sosial layihədir. çox az klub gəlir əldə edir. Əksəriyyəti sosial layihə kimi ümidlə yanaşırlar ki, futbolçu yetişdirib satacaqlar. Bu ölkələrdə teleyayım gəlirləri də yüksək deyil, həmçinin reklam haqları da. Bəzi tanınmış klublar 3-4 ildə bir ulduz futbolçu satırlar, müqaviləyə də şərt qoyurlar ki, növbəti transferdən də qazanc götürəcəklər. Tovuzda əsas komanda üçün futbol bazasını inşa etdik, ictimaiyyətə də təqdim etdik. Əsasən FİFA və UEFA-dan maliyyələşmişdi. Növbəti məqsədimiz Gəncədə baza inşa etməkdir. Hansısa sponsor gəldikdə ona yeni baza, akademiya inşa etməyə ehtiyac qalmayacaq. Tovuzda ancaq futbol xərclərinə vəsait lazımdır, artıq hər şey hazırdır. İnanıram ki, "Turan" Premyer Liqaya qatılarsa, yeni rəngarənglik olacaq. ölkə kubokundakı mübarizə də göründü ki, Premyer Liqa ilə divizion komandaları arasında fantastik fərq yoxdur. Bəzən elə imic yaradırlar ki, AFFA hansısa klubu Premyer Liqaya buraxmır. Əksinə, AFFA çox klubun qatılmasını arzulayır. Keyfiyyətə görə Azərbaycan üçün 10 klub ideal, 12 klub risklidir. Bizə 2-5 illik komanda lazım deyil. İstəyirik ənənəvi olsun.

- Amma etiraf edin ki, "Kəpəz"də yaşanmış məlum prosesdən sonra hər hansı iş adamı AFFA-nın olduğu yerdə komandaya baxmağa yaxın durmaz…
- AFFA hansısa kluba vəsait ödəyirsə, bu, ona nəzarət etmək üçün bizə hüquq verir. AFFA ictimai birlikdir, özəl sektor deyil. Hər il hesabat veririk. Hər il auditorlardan 5-6 səhifəlik suallar gəlir. Bu ildən etibarən dəstək göstərdiyimiz klublarımızın hamısından maliyyət hesabatı tələb edirik. Bəzi klublarda hesabat hələ 100 faiz şəffaf deyil, bunun üzərində işləmək lazımdır. Həmçinin AFFA-nın maliyyə ayırdığı futbol federasiyaları da ildə bir dəfə hesabat təqdim etməlidir. Klub nümayəndələrindən soruşmağa haqqımız var ki, verdiyimiz pulun hara xərcləndiyini bilək. Biz məsuliyyət daşımırıq, amma yoxlamağa, nəzarət etməyə icazəmiz var. UNİCEF təşkilatına biz hər il hesabat veririk. Verdikləri pulu hara xərclədiyimizi bilmək istəyirlər. Bu, FİFA, UEFA və SOCAR-a da şamildir. Biz də bu hüququ davam etdirir, keçiririk öz üzvlərimizə.

- AFFA-nın əsas sponsorlarından olan SOCAR-da Müşahidə Şurası yaradıldı. Həmin şura ilə münasibətin AFFA üçün hansı müsbət cəhətləri olacaq?
- SOCAR 2005-ci ildən AFFA-nın baş sponsorudur. Hər dəfə növbəti il üçün büdcə təsdiqlənir. Hesabatda da gördünüz ki, 2020-ci ildə bizim xərclərimizin 50 faizini SOCAR maliyyələşdirib. Məqsədimiz odur ki, yeni sponsorlar da cəlb edək. Əvvəlki illərdə SOCAR-ın dəstəyi 40 faizə düşmüşdü, pandemiya ilə əlaqədar bu dəstək 50 faiz oldu. Bu səbəbdən sual daha çox SOCAR-a aiddir. AFFA bu barədə heç nə hiss eləmədi. Hər şey qaydasındadır.

- AVRO-2020 ilə bağlı nə yenilik var? ölkədə karantin müddətinin artması gözlənilir. Bu halda oyunların keçirilməsi Bakı, AFFA, hökumətimiz üçün nə dərəcədə problem yarada bilər?
- UEFA-nın baş katibinin xüsusi videomesajı var. Onlar da səbirsizliklə Avropa çempionatını gözləyirlər. İki gün əvvəl UEFA bununla bağlı xüsusi konfrans keçirdi, mən də həmin konfransda iştirak etdim. Hazırda koronavirusla bağlı vəziyyəti də məruzə etdik. UEFA-nın son qərarı apreldə veriləcək. Hazırda 12 şəhərin vəziyyəti tam fərqlidir. Şəxsi fikrim belədir ki, hər şəhərdə öz sistemi tətbiq olunacaq. Standart sistem tətbiq etmək çətindir. Bəzi ölkələrdə komendant saatı tətbiq olunub. Bizdə isə sərt karantin rejimi ləğv olunur, şərtlər yumşaldılır. ümid edirəm ki, belə də davam edəcək, sərtləşdirmə olmayacaq. Amma heç kim zəmanət verə bilməz. Qərar verildi ki, apreldə yenidən görüşək. Hər həftə vəziyyətlə bağlı məlumat göndəririk. İnanmıram ki, UEFA yarışı bir və ya dörd şəhərə təyin etsin. İki gün əvvəl biz də daxil olmaqla, 12 şəhər nümayəndəsi qeyd elədi ki, oyunları səbirsizliklə gözləyir. Azarkeşlərin 100 faizinin stadiona daxil olması hələlik şübhə altındadır. Bununla bağlı müxtəlif ssenarilər var.

- Yığmamız martdan Dç-2022-nin seçmə mərhələsində mübarizəyə qoşulacaq. AFFA millinin məşqçi heyətinin qarşısına hansı hədəfi qoyub?
- ötən il əsas mübarizə koronavirusla oldu. U-21 və əsas komandamızın bütün oyunlarda iştirakı sevindiricidir. Baxmayaraq ki, komandalarımızda yoluxma müşahidə olunmuşdu. Millətlər Liqası Canni de Byazi üçün ilk sınaq idi. Hazırlıq üçün vaxt da olmadı, yoldaşlıq görüşləri keçirməklə bağlı problem var idi. Yığmamızda nəsil dəyişikliyi prosesi başladı, bunu da gözləyirdik. İdman tərəfindən baxsaq, tam yeni komanda ortaya çıxıb. Xaricdə oynayan futbolçularımız da ötən il gələ bilmədilər. Yerli çempionatda çıxış edən futbolçularımız onları layiqincə əvəz etdilər. Xüsusən də, gənclər. ötən il pandemiya bütün sahələri, xüsusən də, idmanı alt-üst etdi. Amma biz fəaliyyətimizi davam etdirdik. Fors-major vəziyyətdir. Axırıncı dəfə 100 il əvvəl belə hal yaşanmışdı, təcrübəmiz yox idi. Avropa futbol ailəsi qısa zamanda öz tələblərinə uyğunlaşa bildi, yeni mövsümə başladı. Biz də öz sistemimizi adaptasiya etdik. Həkimlərimizə də təşəkkürümüzü bildirdik. AFFA-nın təbiblə birgə yaratdığı protokola hamı peşəkar yanaşdı. Buna görədir ki, fəaliyyəti davam etdiririk.

- Dediniz ki, yığmada yeni nəsil formalaşır. Amma bu yeni nəsil uşaq futbolundan olmalıdır. Azərbaycanda idman məktəblərində futbol bölmələri 15 yaşa qədərdir. Olmazmı ki, AFFA Gənclər və İdman Nazirliyi ilə danışıb, müəyyən komandalara maliyyə ayırsın ki, onlar fəaliyyətini davam etdirsin?
- Uşaq liqaları AFFA tərəfindən maliyyələşir. Düşünməliyik ki, Azərbaycanda peşəkar futbolçu necə olur? Bunun tətbiqinə çoxdan başlamışıq və bəhrəsini verməkdədir. Demirəm ki, möhtəşəm bəhrə verir. Oynamaq və məşq etmək artıq məşqçinin, futbolçunun üzərinə düşür. Biz liqaları ona görə yaratdıq ki, kütləvilik olsun. Peşəkar futbolda olan məşqçilər uşaqları izləyirlər. Bəziləri izləyir, bəziləri məsuliyyətsiz yanaşır. İzləyənlər 12-13 yaşda onları klublarına gətirmək, 17 yaşda peşəkar müqavilə bağlamaq istəyirlər. İndi əlavə vəsait artırsaq ki, seçilməyən uşaqlar karyeralarını davam etdirsinlər, bu, süni inkişaf olacaq. Həmin yaşda valideyn diqqət yetirməlidir. Uşaq təhsilə, yoxsa idmana daha çox üstünlük verəcək? Valideynlə 11-14 yaşa qədər razılaşmaq mümkün olur. Bizim 16-17 yaşlılardan ibarət liqalarımızda daha çox peşəkar nümayəndələr olur. Ora idman məktəblərini əlavə etsək, keyfiyyət aşağı düşər. İdman məktəbləri də saxlaya bilmirlər. Uşaq yaxşıdırsa, hansısa klub aparır. Yaxşı olmasa, təhsilə yönəlir.

- Birinci divizionla bağlı limit çox narazılığa yol açıb. Bu limitin ləğvi mümkündürmü?
- Bu, texniki məsələdir. çalışarıq ki, bunu vitse-prezident Vaqif Sadıqov və Cahangir Həsənzadə ətraflı cavablandırsınlar. Burada gənc futbolçulara daha çox imkan yaratmağa çalışırıq. 14-15 yaşda hansısa istedadlı oyunçunu klublar görmürsə, birinci divizion onlar üçün özünü göstərmək baxımından imkandır. Razılaşaq ki, futbol daha gənc idman növünə çevrilib. Əvvəllər Avropada əksəriyyəti 30 yaşdan yuxarı oyunçular olurdu. Amma indi 30 yaşlıya yaşlı deyirlər. Halbuki 70-80-ci illərdə ən yaxşı yaş 30 yaşlılara deyirdilər.

- U-21 millimizin baş məşqçisi Milan Obradovbiçin nəticəsi göz önündədir. Buna baxmayaraq, o, yığmada saxlanıldı. Onu hansısa yerli məşqçi ilə, məsələn, Samir Əliyevlə və ya işsiz olan "Pro" kateqoriyalı məşqçilərdən biri ilə əvəzləmək olarmı? Mahmud Qurbanov, Azər Bağırov, Adil Şükürov da var…
- Bu məsələ İcraiyyə Komitəsinin iclasında müzakirə olunmuşdu. Mahmud Qurbanov, Azər Bağırov hazırda işləyir. Samir Əliyevdən heç soruşan yoxdur ki, siz U-21-ə getmək istərdiniz. üstəlik, U-19-un yarışları hələ ləğv olunmayıb. Məşqçilər heyəti ilə bağlı qərar verərkən, Samir Əliyev namizəd idi. Axı onun məsuliyyət daşıdığı komanda var, bir il onlara hazırlıq keçib. Hərdən bəzi mütəxəssislər adları deyirlər. Amma çəkdikləri adları riskə atırlar. Adları çəkilən məşqçilərə heç sual verən yoxdur ki, siz bunu istəyirsiniz? Bizim soruşduqlarımız, əlaqə saxladıqlarımız var. Elə mütəxəssis yoxdur ki, onunla şəxsən danışmayım, görüşməyim. Elə bir məşqçi deyə bilməz ki, Elxan mənə zəng vurmayıb. Bəziləri millidə oynayıb, bəziləri işləyib. Onların adları hər zaman namizədlər siyahısında olub. Ola bilər ki, özləri imtina ediblər. Əsas milli, U-21 məsuliyyətli işdir. Bəlkə düşünür ki, gəlib uğurlu olmasam, sonra haradasa çalışmaq çətin olar. Bəzi klublara baxırıq, məşqçilər 6 ay işləyir, sonra kənarlaşdırırlar. Biz belə istəmirik. Milan Obradoviç çəkinmədən bir yaş gənc futbolçuları oynatdı. Bunu xüsusən də, son 4 matçda etdi. De Byazi onun əsas oyunçularını milliyə dəvət etdi. O da qorxmadan U-19-un üzvlərini çağırdı. Bu amil də qərar zamanı nəzərə alındı. Dünən də püşk atıldı. çətin, stabil qrupdur. Alınsa, lap yaxşı. Alınmasa, təbii ki, Obradoviçlə müqaviləni uzatmayacağıq. Birillik məşqçi təyin etmək düşünürəm ki, səhvdir. Gənclərdən ibarət yığmalarda minimum 2 seçmə mərhələ imkanı yaradırıq. Deyirlər ki, o qədər "Pro" lisenziyalı məşqçilərimiz var. Bizdə neçə "Pro" lisenziyalı məşqçi var ki, işsizdir?

- Mahmud Qurbanov artıq iki ilə yaxındır "Neftçi"nin əvəzedici heyətində işləyir. Mahmud Qurbanov, sizcə, orada olmağa layiqdir? Obradoviçdən güclü məşqçilərimiz var ki, onlar layiq olmadıqları yerdədirlər.
- İşsiz "Pro" lisenziyalı məşqçi çox azdır. Demək olar ki, hamısı işləyir. Mahmud müəllim bəlkə gələcəkdə "Neftçi"nin baş məşqçisi olacaq. Adətən əvəzedicilərdən əsas komandaya gedirlər. Məşqçilərin adlarını çəkəndə təkcə AFFA-nı düşünməməliyik. Klubları da nəzərə almaq lazımdır.

- Azərbaycanda cəmi 13 peşəkar klub var. Halbuki onların da bəzilərinə peşəkar demək mümkün deyil. Dünyada son sıralarda olan ölkələrdə belə, peşəkar klub sayı Azərbaycandan çoxdur. Bu problemin tezliklə aradan qaldırılacağına ümid edəkmi?
- Mən də bu barədə araşdırmaya baxmışam. özüm də təəccüb keçirmişəm ki, bəzi ölkələrdə 25 min peşəkar klub fəaliyyət göstərir. Bu fantastik rəqiblərdir. Bəzi ölkələrdə 2500 peşəkar klub var. Başa düşürəm ki, biz o saya heç vaxt çata bilməyəcəyik. Magistratura təhsili alanda bunu araşdırmağa başladım. Hesab edin ki, bizdə uşaq liqalarında komandalar var. Məsələn, Qazaxdan 15 komanda yarışır. Həmin ölkələrdə belə komandaları da məcbur edirlər ki, hüquqi sənədləri qeydiyyatdan keçirsinlər. Belədə onlar avtomatik peşəkar komanda olurlar. Bu prosesi biz Region Liqası ilə başlamışıq. Bu mövsümdən başlayaraq hər komanda qeydiyyatdan keçəcək. Bəzən məşqçi futbolçunu satır, klub rəhbərinin xəbəri olmur. Bu da aradan götürüləcək. Digər ölkələrdə 25 min klub varsa, o demək deyil ki, hamısı yüksək liqada çıxış etmək perspektivinə malikdir. İnanın ki, 2-3 ildən sonra deyəcəksiniz ki, 1200 peşəkar klub var. Biz bunu edəcəyik. Amma onlar məhz uşaq komandaları olacaq.

- Karantin rejimi artıq yumşaldılır. Azarkeşlərin stadionlara buraxılması ilə bağlı AFFA-nın təşəbbüsü olubmu?
- Biz Qərargahla, TƏBİB-lə mütəmadi əlaqə saxlayırıq. Azarkeşlərin stadionlara qayıtmasını biz də istəyirik. Fəxrlə deyə bilmərik ki, azarkeşlərin sayı bizi razı sayır. Amma bəzi oyunlara azarkeşlər gəlirdi. Artıq onlar da futboldan ötrü darıxırlar. Oyunlara gedəndə əvvəllər az da olsa həyəcan var idi. İndi azarkeşsiz bu həyəcan yoxdur. Bilirsiniz ki, bu gün futzal yığmamızın da oyunu olacaq. ölkəmizdə qapalı məkanlarda tədbir keçirməyə icazə verilmir. Qərarda xüsusi maddə var idi, sağ olsunlar, bizə icazə verdilər. Amma yenə də azarkeşsiz olacaq. Belə bir qayda var ki, tribunada 5-dən çox adam otura bilməz. İndi hətta rəsmi heyət də tam şəkildə iştirak edə bilmir. Azarkeşlərimizin stadionlara qayıtmasına çalışırıq. ümid edirəm ki, qısa zamanda onlar stadionlarımıza qayıda biləcəklər. Əsas odur ki, futbolumuz davam edir, fasilə yoxdur. ümid edirəm ki, maya qədər belə davam edəcək.

- Bir sıra bölgə klublarını itirmişik. Açıq tipli səhmdar cəmiyyəti yaradıb, bölgələrdə klub yaratmaq mümkündürmü?
- Maraqlı təklifdir. Bunun üçün təşəbbüskarlar olmalıdır. Məsələn, Gəncədə bunu eləmək olar. Orada futbol azarkeşi çoxdur. Səhmdarlar gəlir məqsədilə səhmləri alırlar. Amma bu gün Gəncə futbolundan nə gəlir əldə edə bilərlər? Böyük sponsorlarla danışıqlar aparırıq. Ola bilər ki, bölgə futboluna maliyyə dəstəyi versinlər. İndi adlarını çəkə bilmərəm.

- Millinin oyunçusu Bəhlul Mustafazadə Danimarka klubundan təklif alsa da, "Sabah" onu həmin ölkəyə buraxmadı. Bəlkə də, yayda Bəhlula artıq belə bir təklif olmayacaq. "Sabah" klubunun bu məsələyə münasibətini necə dəyərləndirə bilərsiniz?
- Bu, klubun işidir. Bəhlulun hazırda "Sabah"la müqaviləsi var. Onu buraxıb-buraxmamaq da klubun qərarından asılıdır. Bizim mövqeyimiz belədir ki, qərar kluba məxsusdur. Klub indiki durumunu və maliyyə şərtlərini də nəzərə almalıdır. Dərhal klublarla zəng vurub soruşuruq. Qarışmırıq, amma soruşuruq. Şərtlər heç də mətbuatda yazıldığı kimi deyil. İlk növbədə özləri bu məsələni müzakirə edib belə qərar veriblər.

- Martda yığmamız qısa zamanda 3 oyuna çıxacaq. Belə bir praktika yaxın müddətdə olmuşdu, yığmanın bəzi oyunçuları koronavirusa yoluxdu, çempionat təxirə salındı. Milli üzvlərinin peyvənd olunması mümkündür?
- Peyvənd məsələsində bir az çətinlik var. çünki orada 21 gün fasilə var. Əvvəlcə birinci peyvənd, 21 gün sonra ikinci peyvənd vurulur. Həkimlərlə bunu danışırıq. Hərdən deyirlər ki, 21 gün ərzində insan özünü daha çox qorumalıdır. Bundan başqa, ölkəmizdə hələlik tibb nümayəndələri peyvənd olunub, daha sonra yaşlı insanlar olacaq. Futbolçularımızı növbədənkənar peyvənd prosesinə salmaq qeyri-etik olar. UEFA-nın qərarı olsa, bunu etməyə məcbur olarıq. Hər ölkədə peyvənd məsələsi fərqlidir. Martda bizi çox çətin proses gözləyir. Səfərdə Portuqaliya, evdə Serbiya ilə qarşılaşacağıq. Bunun arasında da Qətərlə oynamalıyıq. İlkin məlumata görə, Qətər oyunlarını Londonda keçirə bilər. Amma Londonda hazırda karantin rejimi var. Bu şəraitdə ora uçmaq bizim üçün çətin olar. Bu barədə də Qətər Futbol Federasiyasına məlumat vermişik. Hər ölkənin öz qaydaları, prosedurları var. UEFA üçün də çətindir. 55 üzv ölkə var, təkcə yığmalar yox, klub yarışları da var.

- Türkiyə və Rusiyada bəzi futbolçuların milliləşdirilməsi məsələsinin müzakirəsi ilə bağlı xəbərlər yayılıb. Yeni seçmə mərhələdə yığmaya yeni oyunçuların cəlb olunması gözləniləndir?
- Bizim texniki idman direktorumuz Cahangir Həsənzadədir. O, öz işini çox yaxşı görür. Sizə son məlumatı deyim. Antalyada o, və İlqar Qurbanov Kamran Əliyevlə söhbət etmişdi. Onu bir dəfə dəvət etmişdik. Onu U-21-ə dəvət etdik, bizə bir müddət sonra cavab verəcək. Hələlik gündəmimizdə ancaq odur. Türkiyə Futbol Federasiyası ilə əməkdaşlığımızı davam etdiririk. Növbəti əməkdaşlıq VAR sistemi ilə bağlı olacaq. Bu ilin aprelində VAR sistemi ilə bağlı protokol işlərinə başlayacağıq. Növbəti mövsümə çatdırmayacağıq. Amma 2022/23 mövsümünə çatdıracağıq. çalışırıq işə düzgün başlayaq ki, problem olmasın.

- "Qarabağ"ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov irqçiliyə görə UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırıldı. Dəfələrlə irqçilik olsa da, cəza belə sərt verilməmişdi. AFFA bu məsələ ilə bağlı UEFA ilə müzakirələr apardımı?
- Bəli, çox ağır cəza idi. Bundan ağır cəza yoxdur. Orada təkcə irqçilik yox, başqa məsələlər də var idi. Bundan başqa heç nə demək istəmirəm. çünki hazırda iş apelyasiyadadır. Mənim hər sözüm fərqli qəbul oluna bilər. Hüquqçular bu işi davam etdirirlər. Həmin hüquqşünaslar AFFA və kluba aid deyil. Həmçinin kluba 10 min avroluq cərimə də çox ağır qərar idi. Bununla bağlı da "Qarabağ" UEFA-ya müraciət edib.

- Qeyd etdiniz ki, regiondakı klublara dəstək veririk ki, fəaliyyətlərini davam etdirsinlər, sponsor olacağı halda hazır kluba gəlsinlər. Hesab etmirsiz ki, bu klubları birinci divizionda saxlayaraq sponsor cəlb etmək şansınız yoxdur? Məsələn, "Keşlə" kimi kluba verilən dəstəklə Gəncə, Tovuz, Zaqatala klublarını Premyer Liqaya gətirməklə sponsor cəlb etmək şansınız daha çox olmaz?
- Biz də həmin komandaların Premyer Liqada iştirak etməsini, sponsorların gəlməsini, İcra Hakimiyyətinin dəstək verməsini istəyirik. Bir dəfə Gəncə futbolu ilə bağlı belə hal olub. Stadion da dolurdu. Amma o vaxtdan bəri stadion da yararsız hala gəlib. Tovuzda futbol bazası artıq hazırdır. Gəncəni də o səviyyəyə qaldırmaq istəyirik. "Keşlə" baxımından fikrinizlə razıyam, o pulu bu klublara da ayırmaq olardı. Amma tarixə baxmaq lazımdır ki, "Keşlə" çempionata necə gəlib. O vaxt biz "İnter"dən ayrı hissə edib, "Keşlə"ni yaratmasaydıq, UEFA və FİFA-da şikayətlər dolu olardı. Biz "Keşlə"ni "İnter"in davamçısı kimi yaratdıq. Ancaq ötən mövsüm "İnter"in borclarını "Keşlə" ödədi, bağladı. İndi təklif edirsiniz ki, "Keşlə"ni də bağlayaq, sonra da deyək ki, şəhərin mərkəzində gözəl infrastruktur boş qalıb? Bizim əsas məqsədimiz Premyer Liqada minimum 10 komanda yaratmaqdır. Gələcəkdə də bir komanda elitanı tərk etsin, diviziondan biri gəlsin. Mən real məbləğlərə, rəqəmlərə, struktura əsaslanaraq 10 komanda deyirəm. Bu gün 10 komandaya hazır ola bilərik. Buna uyğun stadionlarımız var. Vaxtilə üç komanda Tofiq Bəhramov adına Respublika Stadionunda oynayırdı. Amma dövlətimizin dəstəyi sayəsində indi belə deyil. Artıq bir klubun iki stadionu var. Deyə bilməzsiniz ki, stadion var, heç kim oynamır. Tovuz stadionu da birinci divizionda istifadə olunur, gələcəkdə Premyer Liqada olacaq. Bizə komanda sayını 10-a çatdırmaq üçün yerli iş adamlarından dəstək lazımdır. Tək bunu edə bilmərik. Klubu da verə bilərik, hazır məhsuldur.

- 2007-ci ildən AFFA-da fəaliyyətdəsiniz. Bu fəaliyyət dövrünüzə 10 ballıq şkala ilə neçə qiymət verərdiniz?
- Məktəbdə bir müəllim var idi. Müəllimi incitmək ən zəhləm gedən şeydir. Ona görə adını çəkmirəm. Hər zaman sual verirdi ki, özünə neçə qiymət verərdin? özündən razı adamlar 5 deyirdilər, kimsə 4 deyirdi. İnsanın ambisiyalarından asılıdır. Amma sonda qiyməti jurnala müəllim yazır. Şagirdin nə deməyinin mənası yoxdur. Ona görə də mənə də qiyməti siz verin. Mənə qiyməti bura təyin edənlər verir. 28 yaşımda baş katib kimi işə başladım. Görünür nəsə düzgün etmişəm ki, indi icraçı vitse-prezidentəm.

- Dediniz ki, sponsor olsa bazanı verməyə hazırsınız. Son 10-12 ildə Tovuzda, Gəncədə, Zaqatalada hansısa iş adamından sizə təklif olubmu ki, siz xərc çəkin, qalanı bizlikdir?
- Təəssüf ki, olmayıb. Təklif olsa, mütləq bu məsələyə baxacağıq. Xaricdə 4 ilə yaxın yaşadım, orada bəzi əlaqələrim var. Tovuzla bağlı məlumatı xarici investorlara göndərmişəm. Futbolda xaricilər digər ölkələrə investisiya qoymağa çalışırlar. Mən də şəkilləri göndərmişəm ki, hazır məhsul var, əldə edə bilərsiniz. Bu o demək deyil ki, kim gəlsə satacağıq. Tovuz futbol klubu ilə də danışıb şərtlərimizi deyəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest