Son dönəmlərin ən məşhur müzakirə mövzularından biri. Yayda Deyan Lovren komandadan göndərildi və yerinə oyunçu alınmadı. Əldə Vircil van Deyk, Co Qomes, Joel Matip kimi isimlər var idi. Əlavə olaraq, "Liverpul" Fabinyonu müdafiənin mərkəzində oynatmağın planlarını qururdu. Tyaqo Alkantaranın gəlişi də bu mənada onların işini asanlaşdırmalı idi.

Son dönəmlərin ən məşhur müzakirə mövzularından biri. Yayda Deyan Lovren komandadan göndərildi və yerinə oyunçu alınmadı. Əldə Vircil van Deyk, Co Qomes, Joel Matip kimi isimlər var idi. Əlavə olaraq, "Liverpul" Fabinyonu müdafiənin mərkəzində oynatmağın planlarını qururdu. Tyaqo Alkantaranın gəlişi də bu mənada onların işini asanlaşdırmalı idi.
 
Gəlirik Vircil van Deykin sıradan çıxdığı dönəmə. "Liverpul" ardıcıl bir neçə oyunda qələbə qazandı və bu periodun ilk etapını problemsiz geridə qoydu. Co Qomesin yoxluğunda komanda çempionlar Liqası qrupunu lider kimi tamamladı. Bu da rəhbərliyə əlavə inam verirdi. Qışda müdafiəçi transferinə gedilməyəcəkdi. Kloppun sevdiyi metoddan istifadə ediləcək, heyətdəki isimlərin adaptasiyası üçün çalışmalar olacaq və arxa xətt onlara etibar ediləcəkdi.
 
Mayk Qordon, Maykl Edvards və Yürqen Kloppun rəhbərliyində "qırmızılar" tamamilə fərqli istiqamət seçib. Onlar 4-5 ay faydalı olacaq oyunçudansa, 4-5 il işə yarayacaq, uzun müddət komandaya fayda verəcək futbolçuların xidmətində maraqlıdılar. Belə isimlərin transferini qısa müddətdə həyata keçirmək isə elə də asan deyil. Zamanında Koutinyonun satışından sonra da transferlə bağlı mövsüm ortasında təzyiqlər var idi. Amma sonda gözləmə mövqeyi tutan və haqlı çıxan tərəf rəhbərlik oldu. Eyni formada müdafiəçi transferini də mövsümün sonunda, daha uyğun mühitdə həll etmək istəyirmişlər. Hazırda - qışda heç bir klub böyük potensiala malik arxa xətt oyunçusunu buraxmaq istəmir. Bir hal istisnadı: olduqca yüksək məbləğdə ödəniş etməlisən. "Liverpul" da buna "isti" yanaşmır. Amma eyni zamanda, son bir ay ərzində baş verənlərdən sonra klubun müdafiəçi məsələsi ilə bağlı mövqeyi nisbətən dəyişib.

Fabinyo və ya Hendersonun geridə bərbad olduğunu demək olmaz. "Liverpul" üçün müdafiəçinin topla rahatlığı əsas kriteriyalardan biridi və hər iki oyunçu bu mənada işə yarayır. Lakin problem ondadı ki, "mersisaydlılar" arxa xəttdəki problemi aradan qaldırmaq üçün mərkəzdən qurban verməyə davam etdikcə balans pozulur. Van Deyk geriyə yaslanmağı sevən, arxasındakı zonanı müdafiə etməyi bacaran, ancaq ehtiyac yarananda topa çıxan oyunçudu. Bu sayədə Fabinyo da daxil, komandanın yarımmüdafiəçiləri topu dərhal geri qazanmaq üçün rahat və effektiv şəkildə rəqiblərə pressinq edə bilirdilər. Bu baxımdan bəzi problemlər ortaya çıxır. Fabinyo arxasındakı zonanı müdafiə etməkdə çətinlik çəkir. Daha doğrusu, mövqeyə alışmağa çalışan braziliyalı üçün normal haldı. Belə olan halda, tez-tez kimsə onu sığortalamalı olur. Fabinyonun müdafiədə oynadığı matçlarda "birinci zona" ilə qapı arasındakı məsafə ortalama 36-37 m. aralığında dəyişir. Van Deykın nisbətən geriyə yaslanmağı sevdiyindən bəhs etdik, amma niderlandlı meydanda olanda bu rəqəm 41 m. idi. Vircilin verdiyi güvənin olmaması və rəqibi daim təzyiq altında saxlamaq baxımından yükü öz üzərinə götürən isimlərin mövqelərindən kənarda çıxış etməsi buna gətirib çıxarır. Nəticədə komanda topu dərində - qapısına daha yaxın bir nöqtədə qazanır.
 
Rəhbərlik baş verənlərin fərqindədi. 19 yaşlı Ris Uilyams və Nataniel Filips kimi alternativlərin lazımi səviyyədə boşluğu doldurmayacaqlarını, mərkəzdən fəda etməyə davam etdikcə isə həm Premyer Liqa, həm də çempionlar Liqasının sonrakı bölümündə işlərinin çətin olacağını başa düşürlər. Artıq Yürqen Klopp da son oyunlardan sonra keçidin labüdlüyündən danışır. İdman direktoru Maykl Edvardsın transferlərlə bağlı çalışmalara başladığı bildirilir. "Transfer pəncərəsi"nin qapanmasına iki gün qalsa da, "qırmızılar"ın həmlə etmək ehtimalı real görünür. Bu şəxs Ozan Kabak olmayacaq. Daha əvvəl də türk futbolçunun transferi ilə bağlı klub müəyyən cəhdlər etmişdi. Amma "Liverpul" 25 milyon avro dəyər qoyulan oyunçudan imtina edib. Məncə, hazırkı situasiyada bu, tamamilə düzgün qərardı. Hələ də uzunmüddətli seçim ideal variant olaraq qalır. Amma bir şərtlə: qarşı tərəfin tələb etdiyi maliyyə şərtləri uyğun olsa, bu opsiyaya gediləcək. O qədər də inandırıcı deyil, açığı. Mövcud variantlara gəlincə, insayderlərə görə, klubun uzun müddətdi izlədiyi və bəyəndiyi isimlərdən biri - "Torino"da çıxış edən Qleyson Bremerdi. Rəsmi danışıqlarla bağlı məlumat verilmir. "Vest Hem"dən İssa Diopun keçidi gündəmdədi. Qısa müddətliyinə "Arsenal"dan Şkodran Mustafi də düşünülə bilər. "Topçular" yayda azad agent olacaq alman futbolçu ilə indi münasib qiymət qarşılığında yollarını ayırmaqda maraqlıdı. "Lill"dən Sven Botmanla bağlı çıxan xəbərlər isə klub tərəfindən təkzib olunur. Niderlandlı futbolçunun bazardakı dəyərini artırmaq üçün, "Liverpul"la adının hallandığına dair xəbərlərin menecerlər tərəfindən bilərəkdən mediaya sızdırıldığı bildirilir. Klopp və Edvards üçün prioritet - gələcək oyunçunun qısa müddətdə komandaya alışmasıdı. Ona görə də fiziki olaraq uyğunlaşmaq üçün əlavə bir-iki aya ehtiyac duyacaq futbolçulardan mümkün qədər yan qaçmağa çalışırlar. Uzunmüddətli perspektivdə isə hədəf bəllidi. Kloppun və Edvarsın fikirləri bu səfər klubun məşhur skautinq modeli ilə üst-üstə düşür. Söhbət Dayo Upamekanodan gedir. Görünür, Avropanın top-klubları yayda fransız futbolçu uğrunda gərgin mübarizə aparacaqlar.
 
Rüfət Məcid

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest