"Beynəlxalq arenada da ilk oyunumu məhz Slovakiya yığmasına qarşı keçirdiyimi nəzərə alsaq, bu komanda ilə hər dueldə sanki debüt edirəmmiş kimi bir hiss yaşayıram"

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə start verən millimiz bu gün Bakı İdman Sarayında keçirdiyi məşqlə Bakıdakı hazırlığını yekunlaşdırıb.
 
Matc.az xəbər verir ki, sabah səfərə yollanacaq futzalçılarımız 3 xal qazanmaq haqda düşünür. Bakıda Slovakiya yığmasına qarşı keçirilmiş oyun haqda federasiyanın rəsmi saytına danışan millinin qapıçısı Rövşən Hüseynli fərqli, bir qədər də qarışıq hisslər yaşadığını deyib:
 
"11 aydan sonra parket üzərində ilk rəsmi oyunumuza çıxdıq. Fərqli hisslər yaşadıq. Əlbəttə, bunun üzərində də qələbəni əlavə etsək, bizim üçün yaxşı motivasiya oldu. Beynəlxalq arenada da ilk oyunumu məhz Slovakiya yığmasına qarşı keçirdiyimi nəzərə alsaq, bu komanda ilə hər dueldə sanki debüt edirəmmiş kimi bir hiss yaşayıram. Onu da qeyd edim ki, elə son rəsmi matçımızı da bu milliyə qarşı keçirmişdik. ötən il Xorvatiyada üz-üzə gəlmişdik və 3:3 hesablı heç-heçə etmişdik".
 
Qapıçı bu nəticənin komanda üzvlərinə təsirindən də danışıb: "Qələbə qazanmaq vacib idi. Komanda üzvlərində özünəinamı qaytarmaq baxımından nəticənin böyük təsiri oldu. Həm də qrup liderliyi uğrunda mübarizədə əsas rəqibimiz Slovakiya hesab edilirdi. Onları 4:1 hesabı ilə yenməklə bir addım önə keçdik. Nəticəni asan əldə etmədik. Xüsusilə də yaratdığımz təhlükəli epizodları realizə edə bilmədik. Rəqibin də qol epizodları oldu və bizim kiimi onlar da bunu hesaba daşımaqda çətinlik çəkdilər".
 
Təcürbəli qapıçı oyunun qırılma anı kimi Qalonun sona 2 dəqiqə qalmış vurduğu qolu qeyd edib: "Həmin qoldan sonra rəqib hesabı bərabərləşdirmək üçün qapıçını meydan oyunçusu ilə əvəzlədi. Bu da bizim işimizə yaradı və səhvlərindən istifadə edib, daha 2 qol vurduq".
 
Yunanıstanla oyuna yaxşı hazırlaşdıqlarını da bildirən Hüseynli Bakıdakı uğurlu nəticəni Afinadakı dueldə də əldə etmək istədiklərini vurğulayıb: "Yunanıstan komandası ilə qarşılaşmasaq da, bir-birimizi tanıdığımızı deyə bilərəm. çünki 3 ay əvvəl onların çempionu olan AEK klubu ilə üz-üzə gəldik. Millinin əsasını bu klubun oyunçuları təşkil edir. AEK-in baş məşqçisi isə həm də yığmanı çalışdırır. Yəni bu klubun oyun dəsti-xətti, istifadə etdiyi standartlar milli ilə eynidir. Bunu Moldova-Yunanıstan görüşündə də gördük. Birəbir epizodlara girməyi, uzaq məsafədən qol vurmağı xoşlayırlar. Heyətlərində hündürboylu oyunçuları var. Müdafiədə boşluqlara yol verirlər. Bundan mütləq istifadə etməliyik. Əlbəttə, Yunanıstan Slovakiya millisi deyil. Ola bilsin, öz meydanlarında tam fərqli oyun izləyək, "sürprizlər"lə qarşılaşaq. İstənilən halda, səfərə bir məqsədlə yollanacağıq: 3 xal qazanmaq və qrupda birinci pillədə qərarlaşmaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest