Azərbaycan kubokunun 1/4 final mərhələsinin ən maraqlı cütlüyü, şübhəsiz ki, "Neftçi" – "Zirə" duelidi. Matc.az saytı xəbər verir ki, Premyer Liqada qonşu olan komandaların kubokdakı ilk görüşü "Bakcell Arena"da keçirildi.

"Neftçi" – "Zirə" 0:1
Qol: İ.Muradov, 26.
Bakı. "Bakcell Arena". Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli.
.  
"Neftçi": 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 26. ömər Buludov, 20. Mert çelik, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 56. Elton Əlibəyli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.
"Zirə": 1. Mateus Albino, 8. İlkin Muradov, 4.Elvin Camalov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Paxtman, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.


Vingersiz "Neftçi", qeyri-adi sistemlə oynayan "Zirə"

Ev sahibləri Samir Abasovun ənənəvi 5-4-1 sisteminə güvəndi. üçlü mərkəz müdafiədə bu dəfə Mərt çelik ixtisara düşdü. Komandada ən böyük dəyişiklik qapı xətti ilə bağlı idi. Cari mövsüm "çərçivə" ilk dəfə Səlahət Ağayevə həvalə edildi. Sonuncu dəfə ötən ilin martında "ağ-qaralar"ın qapısını qoruyan Səlahətin 331 günlük həsrətinə son qoyuldu. çempionatın bombardiri Namik Ələsgərovun tam hazır olmaması və Yusuf Lavalın yoxluğu səbəbindən "flaqman" meydana vingersiz çıxmışdı. Bu boşluğu əsas funksiyası pleymeykerlik olan Saman Nərimancahanla Sabir Buqrin doldurmalı idi. Hadisələri qabaqlayaraq, adıçəkilən əcnəbilərin bu imtahandan çıxa bilmədiklərini söyləmək olar.

"Zirə"nin oyun üslubu isə çox maraqlı idi. Komanda gah 4-4-2, gah 5-3-2, gah da fərqli sistemlə mübarizə aparırdı. Rəşad Sadıqovun kollektivinin matç ərzində gedişləri rəqibi çaş-baş salmışdı. çalışdırıcı qapıda və onun önündə əcnəbilərə güvənmişdi. Ancaq komandada əsas yükü, belə demək mümkünsə, Hacıağa Hacılı daşıyırdı. Belə ki, top "Neftçi"də olarkən onun hücum funksiyasına görə, Hacıağa nisbətən sağdan mərkəz müdafiəçisinə çevrilə bilirdi. Bəzən isə dayaq yarımmüdafiəçisi kimi Riçard Almeyda ilə Elvin Camalova kömək edirdi. Bir sözlə, Hacılı eyni anda iki mövqenin öhdəsindən gəlməli idi.

Yoxdan qol hədiyyəsi

Hiss olunurdu ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov start "11-liy"ini rəqibin meydandakı heyətinə və düzülüşünə uyğun qurub. çünki "Neftçi"nin hər həmləsini qonaq komanda sanki öncədən oxuya bilir, buna uyğun müdafiə olunurdu. "Ağ-qaralar" topa daha çox sahib olmasına baxmayaraq, Mateus Albinonu ciddi şəkildə narahat etməkdə aciz idi. Vingerin olmaması "Neftçi"nin sürətli cinah keçidlərini yox dərəcəsinə salmışdı. Nə Fəhmin Muradbəyli, nə də Tallison Diaz cinahlardan hücuma lazımi dəstəyi verə bilirdi. Sabirlə Saman da əsasən mərkəzə meyillənərək, hücumçu Mirabdulla Abbasovu topla təmin etməyə çalışırdılar. Ancaq "Zirə" həm orta xətti, həm də müdafiəni olduqca səliqəli bağladı. Təsadüfi deyil ki, nadir hallarda qapıya zərbənin şahidi olurduq. Onda da qolkiperə çox iş düşmürdü.

Qonaqların səhvsiz müdafiə olunması alqışalayiq idisə, komanda bunun əksinə, hücumda kəsərli görünmürdü. Davit Volkov və Klesio Bauk əks-hücumlar zamanı bir-birini tamamlaya bilmirdi. İlk yarının gedişi qapılara qolun vurulmayacağı təsirini bağışlayırdı. Səlahət Ağayev ona güvənən baş məşqçisinin üzünü qara çıxarmasaydı, belə də olacaqdı. Ancaq Ağayev heç bir təhlükəli vəziyyət olmadan İlkin Muradova qol, rəqibə isə hesabı açmaq sevinci yaşatdı. Samir Abasov da oyundan sonra günahın özündə olduğunu, Səlahəti meydana buraxmaqla səhv addım atdığını boynuna aldı.

Qaçan şanslar, ehtiyatsız qalan Abasov

Əminliklə demək olar ki, ilk 45 dəqiqə "Zirə"nin hesabda öndə olmasından çox Rəşad Sadıqovun Samir Abasova qiyabi döyüşdə qalib gəlməsi diqqətçəkən oldu. Buna şahmat dili ilə "mat etdi" demək də olar. Abasov vəziyyəti düzəltmək üçün ikinci hissəyə dəyişikliklə başlamağa borclu idi ki, belə də etdi. Hissənin ortalarında zədələnən kapitan yalnız fasiləyə qədər dözə bildi. Onun əvəzinə Namiq Ələsgərovun "döyüşə atılması" "Neftçi"nin düzülüşünə də təsir etdi. Amma ön xətdə kimin hansı mövqedə qərarlaşmasından baş açmaq mümkün deyildi. Flaqmanın tək düşüncəsi bərabərlik qolu olduğundan, irəlidəki oyunçular kor-koranə paslaşır, müntəzəm yer dəyişirdilər.

Birinci hissədə rəqibin hücumlarını asanlıqla dəf edən zirəlilər fasilədən sonra mərkəzdə iki ciddi boşluq verdilər. İlk epizodda Nərimancahan çərçivəyə düşə bilmədisə, 74-cü dəqiqədə bənzər nöqtədən Mirabdullanın zərbəsi dirəyə tuş gəldi. Son dəqiqələrdə Rəşad Sadıqov əvəzləmələrlə komandasının dinamikliyini qorumağa çalışdı. Ancaq onun həmkarının belə bir imkanı da yox idi. Ehtiyatda yalnız Stiven Monroz hücumu gücləndirə bilərdi, görünür, o da hazır olmadığı üçün xidmətinə ehtiyac duyulmadı. Bu səbəbdən Abasov başqa dəyişikliyə əl atmadı. Son dəqiqələr "Neftçi"nin üstünlüyü ilə keçsə də, meydan sahibləri cavab görüşünü göz önünə gətirərək, bütünlüklə hücuma atılmadı.

Beləliklə, yarımfinal yolunda ilk dueldə "Zirə" 1:0 hesablı qələbə qazandı. Komandaların cavab qarşılaşması fevralın 7-də keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest