Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Fənərbaxça"dan Tolqa Cigercini, "Yeni Malatyaspor"dan Yussuf Ndayişimiyeni transfer edib.
 
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı burundili yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıbsa, Tolqa 1.5 illik müqaviləyə imza atıb. Cigerci yeni komandasında "28", Yussuf isə "55" nömrəli formanı geyinəcək.
 
Almaniyanın "Volfsburq" klubunun yetirməsi olan Tolqa, "Borussiya" (Münhenqladbax), "Herta", "Qalatasaray" və "Fənərbaxça"nın da uğurları üçün çalışıb. 28 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə "Fənərbaxça" ilə müqaviləsinə xitam verdiyindən "Başakşəhər"ə azad agent statusunda keçib.
 
Burundi millisinin də üzvü olan Ndayişimiye isə son iki mövsümdə "Yeni Malatyaspor"un heyətində meydana çıxdığı 29 oyunda 3 qola imza atıb. "Başakşəhər" bu transferin detallarını açıqlamasa da, "Yeni Malatyaspor" rəsmi saytı vasitəsilə İstanbul klubunun 2.15 milyon avro təzminat ödəyəcəyini bəyan edib. üstəlik, Yussufun növbəti satışı zamanı əldə olunacaq gəlirin 20 faizi də Malatya təmsilçisinə ödəniləcək.
 
Yeri gəlmişkən, "Yeni Malatyaspor" da heyətinə yeni futbolçular cəlb edib. Sözügedən klub transfer pəncərəsinin son günündə 5 transferi birdən açıqlayıb. Belə ki, klub Ndayişimiyeni satsa da, onun həmyerlisi – 19 yaşlı yarımmüdafiəçi Yospin Nşimirimana ilə 3.5 illik müqavilə bağlayıb.
 
"Musonqati"dən gələn Erik Ndizeye də Burundidəndir. Burundi yığmasında da oynayan 21 yaşlı mərkəz müdafiəçisi ilə 3.5 illik müqavilə imzalanıb.
 
Yeni transferlərdən ikisi Qanadan gətirilib. "Planners Atletik" klubundan transfer edilnə 20 yaşlı mərkəz müdafiəçisi Filip Avuku, həmçinin 19 yaşlı cinah oyunçusu Haqi Osmanla da 3.5 illik müqavilə imzalanıb.
 
Son olaraq "Pendikspor"un formasını geyinən 17 yaşlı yarımmüdafiəçi Atakan Müjde isə "Yeni Malatyaspor"la 2.5 illik müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest