4 il öncə "Neftçi" rəhbərliyində qəfil dəyişiklik baş verdi. 2018-ci ilin fevralında Orxan Hüseynzadə uğursuz nəticələr səbəbindən klubun prezidenti postundan kənarlaşdırıldı və onu yaxın dostu Kamran Quliyev əvəzlədi. Həmin vaxt Quliyevin təyinatı birmənalı qarşılanmadı. Bəziləri onun gəlişindən sonra paytaxt təmsilçisinin daha iddialı olacağına ümid edirdisə, bəziləri əksini düşünürdü. Və zaman göstərdi ki, Kamran bəy xəyanət etdiyi sələfindən heç də geri qalmadı. 
 
Elə bu səbəbdən uzun müddətdi "Neftçi" azarkeşləri onun istefasını tələb edirlər. Bu da səbəbsiz deyil. Gəldiyi gündən yağlı vədlər versə də, həm azarkeşlər, həm klubun himayəçiləri köhnə hamam, köhnə tas gördü. "çempionluğa oynayacağıq, avrokuboklarda qrup mərhələsinə düşəcəyik" desə də, "Uypeşt" faciəsi hələ uzun müddət yaddaşlardan silinməyəcək. "Qızıl dubl"dan dəm vursa da, "Neftçi" çempionatda birinci yerə yaxın düşə bilmədi, kubokda Premyer Liqanın kiçik büdcəli klubları "Sumqayıt" və "Zirə" onun bu xəyallarının üstündən qoşa xətt çəkdi.
 
2017/2018
Həmin mövsüm ölkə kubokunun yarımfinalında "Qəbələ"yə boyun əyən "Neftçi" çempionatı üçüncü pillədə başa vurdu. Komanda mövsümə uğursuz start götürdüyündən çempionatın gedişində autsayderlər sırasında qərarlaşmışdı. Bununla belə, "ağ-qaralar" Tərlan Əhmədovla Premyer Liqanı ilk "üçlük"də başa vurmağı bacarsa da, Kamran müəllim çalışdırıcya dəstək vermək əvəzinə ilk işi baş məşqçinin torbasını "tikmək" oldu. Əhmədov komandadan uzaqlaşdırıldı və rəhbərlik bəh-bəhlə əcnəbi mütəxəssisə qucaq açdı. Ancaq italiyalı Roberto Bordinin qitə miqyasında ilk ili rüsvayçılıqla yadda qaldı. Komanda Avropa Liqasında özündən qat-qat zəif "Uypeşt" önündə fiasko yaşadı. 
 
2018/2019
"Neftçi" çempionatın gümüş medalını qazansa da, ölkə kubokunda "Sumqayıt"ın ayaqları altında qaldı. Paytaxt təmsilçisi "gənclik şəhəri" təmsilçisinə hər iki görüşdə uduzdu. Avrokuboklarda isə "Bney Yehuda"ya baş əydi.
 
2019/2020
Komanda daha bir il qızıl medalın həsrətini çəkdi. "Qarabağ"dan sonra ikinciliyə sahib çıxan "ağ-qaralar" avrokuboklarda  "Şkupi" səddini zorla keçsə də, "Qalatasaray" tərəfindən nokauta salındı. 
 
2020/2021
Əvvəlki illərdə olduğu kimi, "flaqman" yenə "Qarabağ"ın kölgəsindədi. Cari çempionatda ən ağır zopanı elə əzəli rəqibindən "yedi". Rəhbərlik öz meydanında 0:6 hesablı həmin rüsvayçı yenilgidən sonra "uğura gedən yolu" baş məşqçi Füzuli Məmmədovla idman direktoru Ceyhun Sultanovu istefaya göndərməklə tapdı. Kubokda "Zirə"yə 2 gün öncəki məğlubiyyətdən sonra "qızıl dubl"un bu il də olmayacağı rəsmiləşdi. Turnir cədvəlində ağdamlılardan geridə qalan "Neftçi"ni qarşıdakı turlarda həmin "Qarabağ" və "Zirə" ilə ağır oyunlar gözləyir ki, bu qarşılaşmalar ikincilik uğrunda mübarizəyə böyük ölçüdə aydınlıq gətirəcək. 
 
Yağ-bal içində üzən komandada 4 ildə 4 baş məşqçi dəyişikliyi olub - titul yoxdu - nəticə sıfır. Nə yazıqlar ki, ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı komanda kimlərinsə qazanc mənbəyinə çevrilib. 7 milyonluq büdcə havaya sovrulur, vaqon-vaqon gələn legionerlər az sonra qovulur, onlara külli miqadarda kompensasiya ödənir, heç bir iş görməyən Bordin özü ilə yüzminlər aparır, amma bütün bu uğursuzluğa görə Kamran Quliyev sudan quru çıxır...  
 
Azarkeşləri demiş, "Neftçi" 4 ildi ölüb, ağlayanı yoxdu. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest