Avstriyalı funksioner bildirib ki, qarşıdakı iclasda ali futbol qurumu VAR-la bağlı proseduru ətraflı təqdim edəcək

"Hazırda FİFA-nın AFFA-dan kiçik qrupun iştirakı ilə keçirəcəyi başlanğıc görüşünü gözləyirik. Onlayn iclas yaxın günlərdə ZOOM proqramı vasitəsilə baş tutacaq".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiqi barədə danışarkən deyib.
 
Avstriyalı funksioner bildirib ki, qarşıdakı iclasda ali futbol qurumu VAR-la bağlı proseduru ətraflı təqdim edəcək: "Bundan sonra bizə növbəti addımlar üçün görüləcək işlərin siyahısı veriləcək. Detallar barədə suallara cavab vermək üçün çox tezdir. çünki əvvəlcə tələblərin nə olduğunu öyrənməliyik. Bundan sonra müvafiq avadanlığı satan müxtəlif şirkətlərin təkliflərini və xərcləri biləcəyik".
 
Stuxlik VAR sisteminin təqbiqindən sonra ölkədə hakim qıtlığı yaşanmayacağını söyləyib: "Hər ölkə kimi, biz də öz yerli hakimlərimizdən istifadə edəcək, onların sayını lazımi səviyyəyə çatdıracağıq".
 
Komitə sədri "Səbail" və "Sumqayıt" komandaları arasındakı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə (1:2) meydan sahiblərinin məşqçisi Vüqar Məmmədin köməkçi hakim Cavanşir Yusifovu vurmasına münasibət bildirmək istəməyib. Ştuxlik bu cür məsələlərlə AFFA İntizam Komitəsinin (İK) məşğul olduğunu vurğulayıb: "Qırmızı vərəqə verildikdə və protokol tərtib edildikdə, iş mümkün cəzaları nəzərdən keçirməli olan intizam orqanına verilir. Meydanda olan hakimlər öz qərarlarını şərh etmədiyi kimi, mən də bu barədə fikir bildirməyəcəyəm".
 
Qeyd edək ki, İK məlum insidentə görə Vüqar Məmmədə 20 oyunluq cəza verib. "Səbail" isə 16 000 manat məbləğində cərimələnib.
 
AFFA İcraiyyə Komitəsi VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə qərar qəbul edib. Lakin COVID-19 pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest