Uzun müddətdi hücumçu axtarışında olan "Neftçi" bu boşluğu Bolqarıstanın çSKA (Sofiya) klubundan Ahmed Ahmedovu icarəyə götürməklə doldurdu. Matc.az xəbər verir ki, 25 yaşlı bolqar futbolçu mövsümün sonuna qədər paytaxt klubunun uğurları üçün çalışacaq.
 
Lakin Ahmedovun "Neftçi"yə hansısa böyük fayda verəcəyi artıq indidən şübhə altına düşüb. Bunu həm onun indiyə qədər oynadığı komandalardakı "məhsuldarlığı", həm də son bir il ərzində çSKA-dakı durumu sübut edir.

Gəlin, öncə Ahmedovun formasını geyindiyi komandalardakı qol sayına diqqət yetirək. Bolqarıstanın "çernomorets" (2013-2014), "Neftoximik" (2014-2015; 18 oyun, 2 qol), "Pomorie" (2015-2018; 85 oyun, 25 qol), "Dunav Ruse" (2018-2020; 49 oyun, 14 qol) klublarında çıxış etmiş hücumçu çSKA-da da 28 oyuna 5 qolla yadda qalıb. Bir sözlə, Ahmedov karyerası ərzində meydana çıxdığı 180 rəsmi oyunda rəqib qapılarından cəmi 46 top keçirib. Bu isə mərkəz hücumçusu üçün heç də parlaq göstərici sayıla bilməz.
 
Ahmedov çSKA-ya 2019-cu ilin dekabrında "Dunav Ruse" klubundan gəlib. Onun Sofiya karyerası uğurlu başlasa da, tədricən performansında eniş başlayıb. Bolqarıstan klubu bu mövsümə Ahmedov da daxil olmaqla, üç hücumçu ilə (digər ikisi Ali Sou və Tommi Yuriç) başlayıb. Yuriç bu qış komandadan ayrılsa da, Sofiya klubu  əvəzində daha iki hücumçu transfer edib. Məhz Jordi Kaysedo və Bismark çarlzın gəlişindən sonra Ahmedov komandada 4-cü mərkəz hücumçusuna çevrilib. Bu isə o deməkdi ki, "Neftçi"nin yeni transferi çSKA-da heyətə düşmək üçün dəridən-qabıqdan çıxmalı idi. 
 
Belə bir şəraitdə onun komandada qalması nə klub rəhbərliyinə, nə də futbolçunun özünə sərf edirdi. Məhz bu üzdən "Neftçi"nin təklifi bolqarlar üçün göydəndüşmə olub. Elə futbolçunun "ağ-qaralar"ın klub telekanalına açıqlaması da bunu təsdiq edir:
"Fevralın 9-da çSKA rəsmiləri ilə bir araya gəldik. Hər şey qısa müddətdə həll olundu. Klublar öz aralarında anlaşdıqlarından, mənim üçün də razılıq vermək çətin olmadı. Transferimə çSKA-nın prezidenti razılıq verdi. "Neftçi"nin prezidenti ilə də danışdıq və məsələ qısa müddətdə həllini tapdı. Başqa klubların mənimlə maraqlanıb-maraqlanmadıqları önəmli deyil. Əsas məsələ odur ki, artıq "Neftçi"dəyəm".
 
Ahmedovun "Neftçi"də heyətə düşmək üçün demək olar ki, ciddi problemi olmayacaq. Lakin onun bu şansdan necə yararlanacağı və paytaxt klubuna nə dərəcədə faydalı olacağı əsl sual doğuran məsələdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest