"Türkiyənin I liqasında çıxış edən "Menemenspor"dan təklif almışdım. "Şkupi"dəki baş məşqçim Ümit Karan bu klubun başına keçdikdən sonra məni yanına dəvət etmişdi. Bəzi nüanslara görə keçid alınmadı"

Matc.az sizi "Keşlə"nin yeni transferi Elvin Yunuszadənin müsahibəsi ilə tanış edir:
 
- Əvvəlcə "Keşlə"yə keçidinizlə bağlı fikrinizi bilmək maraqlı olardı: Bu komandanı seçməyinizin səbəbi nə oldu?
- Düşündüm ki, bu gün üçün ən optimal variant "Keşlə"dir. Yayadək müqavilə imzaladım. çoxdandır oyun praktikam az olduğundan, cari mövsümün sonunadək meydanda maksimum dərəcədə çox olmaq istəyirəm. Bir sözlə, oynamaq istədiyim üçün "Keşlə"yə keçdim.
 
- Başqa klublardan təklifləriniz var idi?
- Türkiyənin I liqasında çıxış edən "Menemenspor"dan təklif almışdım. "Şkupi"dəki baş məşqçim ümit Karan bu klubun başına keçdikdən sonra məni yanına dəvət etmişdi. Bəzi nüanslara görə keçid alınmadı.
 
- "Qarabağ"dan ayrıldıqdan sonra tez-tez klub dəyişirsiniz. Bu, nə ilə bağlıdır?
- Açığı, bir az da bəxtim gətirmir. Bosniya və Herseqovinanın "çelik" komandasına getdim, çempionat dayandı. "Şkupi"yə keçdim, maliyyə problemləri yarandı. Neçə aydır maaşımızı ala bilmirdik. Belə demək mümkünsə, "qara zolağ"a düşdüm.
 
- 2018-ci ilin oktyabrında "Sabah"a keçsəniz də, cəmi 2 aydan sonra bu komanda ilə yollarınızı ayırdınız. Həmin vaxt nə baş vermişdi?
- "Sabah"a qoşulanda I dövrənin sonuna təxminən 1 ay vaxt qalmışdı. Formaya düşüb oynayanadək çempionatda fasilə yarandı. Cəmi 2 matçda meydana çıxa bildim. Sonra "Səbail"dən təklif gəldi, Avropa Liqasına vəsiqə ehtimalı yüksək olduğundan, bu komandaya keçməyi daha məqsədəuyğun saydım.
 
- "Keşlə" kubokda yarımfinala çıxsa da, Premyer Liqada vəziyyəti heç də yaxşı deyil. Komanda 13 xalla 7-ci pillədə qərarlaşıb...
- "Kubokda yarımfinaldasansa, çempionatdan əlini üzməlisən" deyə düşüncə düzgün deyil. Turnir cədvəlində 3-cü və 8-ci pillələr arasında elə böyük xal fərqi yoxdur. Ardıcıl 2 oyunda qələbə qazansaq, 4-cü sıraya yüksələ bilərik. Sonadək döyüşüb nəticə qazanmalıyıq.
 
- Komandanız Premyer Liqanın XV turunda "Qəbələ"nin qonağı olacaq. Qarşıdakı oyunla bağlı nə düşünürsünüz?
- Qəbələ - hər komanda üçün çətin səfərdir. Komanda oranın iqliminə öyrəşib və evdə oynadığı matçlarda sonadək mübarizə aparır. Buna baxmayaraq, ciddi hazırlaşaraq, yaxşı nəticə qazanmağa çalışacağıq. (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest