Premyer Liqada ilk yarının sürpriz komandası şübhəsiz ki, "Səbail"di. Hər halda, ötən il elitada debüt edən bir komandanın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşması kifayət qədər yüksək nəticə sayılmalıdı.

Bəs paytaxt təmsilçisinin bu uğuru sırf öz gücü ilə bağlıdırmı? çempionatın səviyyəsinə, komandaların adlarına baxdıqda, əslində "Səbail"in üçüncülüyü sürpriz sayılmamalıdı. "Zirə", "Keşlə" və "Sumqayıt" əvvəlki durumundan qat-qat uzaqdı, "Sabah" yeni yaranmış komandadı. Belədə "Səbail"in yalnız "Qəbələ"ni qabaqlaması gözlənilməzdi ki, bu da bölgə təmsilçisinin mövsümə uğursuz startı ilə əlaqədardı.

Əslində, Aftandil Hacıyevin komandası hazırda 16 xalla 6-cı yerdə olmalı idi. "Zirə" və "Qarabağ"la qarşılaşmalardakı texniki qələbə sayəsində bakılılar aktivlərinə 6 xal yazdırdılar. Rəqiblərin səhvi "Səbail" üçün 3 pilləlik "hədiyyə" oldu. Halbuki, həmin matçlarda komanda "Zirə" ilə heç-heçə etmiş (1:1), "Qarabağ"a uduzmuşdu (0:1). Hacıyevin yetirmələri 14 oyunda cəmi 11 qol vura bilib. Belə vəziyyətdə isə 3-cü yeri öz gücləri ilə əlaqələndirə bilməzlər.

Samir Əliyevə vaxt verməyən paytaxt təmsilçisi mövsümlərarası fasilədə heyətində də köklü dəyişikliyə getdi. Yayda 17 oyunçu yola salındı ki, onlardan 7-si əcnəbi idi. Bakılılar bunun əvəzinə 13 transfer həyata keçirdi.

6 yeni əcnəbi transferdən ən çox iştirak edəni Kevin Kubemba oldu. Fransalı hücumçu da 12 qarşılaşmada cəmi 3 qolla yadda qaldı. Yəqin ki, buna uğurlu çıxış demək olmaz. Enrike Perilyo, Emil Martinov, Tome Kitanovski, İqor Korotetski və Edqar Paçeko da yerlilərdən heç də yaxşı mənada fərqlənmədilər. Sonuncu ilə artıq yollar ayrılıb. Həmçinin, Korotetskini də uğursuz transfer saymaq olar.

Yerlilərə gəlincə, qapıçı-məşqçi kimi gələn Fərhad Vəliyevi transfer hesab etmək doğru olmaz. Əcnəbilərlə müqayisədə "Səbail"in yeni yerliləri özlərini doğrultdu. Komandanın yükünü də məhz onlar daşıyırlar. Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Ruslan Qurbanov və Fəhmin Muradbəyli kollektivi gücləndirməyi bacardılar. Yalnız Vüqar Bəybalayev özünə heyətdə yer tapa bilmədi.

ümumilikdə "Səbail"də gedənlərlə müqayisədə gələnlər daha yaxşı təsir bağışladılar. Ancaq komandanın "sükanı" da daxil, bəzi dəyişikliklər edilməsə, mövsümün sonunda ilk "dördlük"də qərarlaşması sürpriz olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest