"Qarşıdakı görüşün əhəmiyyət və çətinliyini dərk edirik. Həm də mətbuatdan oxuyuruq ki, qarşılaşma gərgin keçəcək, matça böyük maraq var".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur matçı barədə danışarkən deyib.
 
43 yaşlı mütəxəssis bildirib ki, oyun ətrafında ciddi ajiotaj var: "Qarşılaşma həddən artıq diqqət mərkəzindədir. Bunların hamısını yaxşı başa düşürük və oyunçularımızı təzyiqdən kənarlaşdırmağa çalışırıq. Komandada hər şey qaydasındadır. İşlərimiz normal gedir. Heyətlə bağlı ciddi itkimiz yoxdur".
 
Abasovun sözlərinə görə, Azərbaycan derbisindəki məğlubiyyət çempionluq yolunda işlərini çətinə sala bilər: "Rəqibin statusunu və bizim "Qarabağ"la matçdan sonrakı görüşlərimizi ortaya qoysaq, məğlubiyyət işimizi çətinləşdirə bilər. Heç nə itməsə belə, hər şey mümkündür. Rəqib bizdən öndə olanda da xallar itirdi, heç-heçələr etdi və biz gəldik buralara çıxdıq, fərq azaldı. Bundan sonrakı 13 tur ərzində hər şey baş verə bilər. "Qarabağ"la derbi adlandırılan oyuna çox ciddi hazırlaşırıq, görək başımıza nələr gəlir".
 
Mütəxəssis komandaya gec qoşulan Yusuf Lavalın görüşdə iştirak etməyəcəyini də diqqətə çatdırıb: "Laval bu qarşılaşmaya hazır deyil. O, qış fasiləsindən əvvəl 2020-ci il dekabrın 24-dəki çempionat görüşündən sonra gedib və fevralın 7-də gəlib. Təxminən 1,5 ay komanda ilə birlikdə məşq etməyib. Fiziki hazırlığında və hətta çəkisində də problemlər var. Həm kollektiv, həm də fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərə qatılır. Bəlkə neçənci dəqiqədəsə, hansısa situasiyada onu meydana buraxa bilərik. Ehtiyatda olacaq, amma oynamaqdan ümumiyyətlə söz gedə bilməz. Laval bu gün üçün oyuna hazır deyil".
 
Abasov taktiki və oyun planlarını götür-qoy etdiklərini, amma hələ yekun qərar qəbul etmədiklərini də söyləyib: "Oyuna iki günü vaxt var. Beynimizdə plan var ki, necə oynayacağıq və oyunçuları necə quracağıq. Amma heyətdəki futbolçularla bağlı dəyişiklik ola bilər. Qarşıda iki günümüz var. Görək necə olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest