"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Ferqyusonun vaxtilə "Avropadakı ən yaxşı sol cinah müdafiəçilərindən biri" adlandırdığı Aleksander Büttner 32 yaşında klubsuz qalıb.
 
Matc.az xəbər verir ki, bir müddət əvvəl Kiprin "Apollon" (Limassol) klubu ilə müqavilə bağlayan futbolçu ilə anlaşmaya cəmi 17 gün sonra xitam verilib.
 
Kipr mətbuatının iddiasına görə, niderlandlı müdafiəçinin artıq çəkisi çox olub. üstəlik, tibbi testlərdən də uğurla keçə bilməyib. Bu üzdən də onunla müqaviləyə xitam verilib. Təcrübəli futbolçu özü isə bu iddiaları təkzib edib.
 
Böyük ehtimalla "Apollon"un Büttnerlə müqaviləyə belə erkən xitam verməsinə "Qarabağ"dan ayrılan haitili sol cinah müdafiəçisi Donald Geryeni heyətə qatması da əsas səbəblərdən biridir. 
 
Xatırladaq ki, "Ayaks"ın yetirməsi olan Büttner peşəkar karyerasına Niderlandın digər klubu "Vitess"də başlayıb və 4 il bu komandanın uğurları üçün çalışıb. 2012-ci ildə isə məhz Ferqyusonun istəyi ilə "Mançester Yunayted"ə transfer olunub. 2014-cü ildə İngiltərə klubundan ayrılan müdafiəçi Moskva "Dinamo"suna keçib, 2016-da qısa müddət Belçika "Anderlext"ində icarədə oynayıb. 2017-ci ildə yenidən "Vitess"ə qayıdan futbolçu son olaraq ABŞ-ın "Nyu İnqlend Revolyuşn" klubunun uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest