Azərbaycan futbolunda qeyri-sabitliyin hökm sürdüyü bu dövrdə futbolçu yetişməməyi qanunauyğunluqdu. Klubların qısaömürlü olması, aşağı yaş qruplarına diqqət ayrılmaması, əksər rəhbərin cibini doldurmaq üçün bir vaqon lazımsız əcnəbini Bakıya gətirib, növbəti reysə yer açmaq üçün 6 aydan sonra onları yola salması və s. amillər ölkədə futbolun inkişafına, istedadlı oyunçuların üzə çıxmasına mane olur.

Yaxın illərə qədər Azərbaycan futbolu deyəndə ağıla gələn ilk ad "Neftçi" olardı. Yaşlı nəslin nümayəndələri milli komandaya hələ də "Neftçi" deyirlər. çünki bu klub Azərbaycan futbolunun aynası, oyunçu "fabriki" idi. "Bakı", "Qarabağ", "Turan" kimi klublar müxtəlif illərdə bir neçə istedadlı oyunçu üzə çıxarıb. Ancaq qəbul edək ki, "Kəpəz"lə "Neftçi"nin yetirmələrinin sonradan ölkə futbolundakı ağırlığı daha çox olub.

Bəs hazırda Topaz Premyer Liqasına liderlik edən "Neftçi"nin Azərbaycan futboluna xeyri nə qədərdi? Kamran Quliyevin prezident postuna gəlişindən sonra yayda 5 əcnəbi yola salındı, 6-sı gətirildi. Cəmi 6 ay keçib ki, Quliyev həmin "altılıq"dan üçünə "yaxşı yol" komandası vermək fikrinə düşüb. Deməli, seçim etmək bacarığı, ümumiyyətlə, futbol biliyi plintus səviyyəsindədi. Ya da hər yoldan keçəni komandaya götürməkdə, dünənki klubların bəyənmədiyinə ikiqat məbləğ yazmaqda məqsəd başqadı.

Bu bir il ərzində "Neftçi" rəhbərliyi Qurban Qurbanovu qınadı ki, bu klubdan yığmaya futbolçu çağırmır və ya az çağırır. Axı millini gücləndirəcək kimsə yox idi. Roberto Bordin Rəhman Hacıyevi, Namiq Ələsgərovu kefi istəyəndə oynadırdı. Emin Mahmudov, Tural Axundov millidə mövqeyinin ən yaxşısı deyil, Mirabdulla Abbasov isə təzə-təzə forma yığmağa başlayıb. Bunlar öz yerində. Rəhbər dəyişikliyindən sonra "Neftçi"də kim üzə çıxıb? Deməyin ki, ömər Buludov, Anton Krivotsyuk. Onlar bu mövsümün kəşfi deyil. Yalnız Elvin Sərkərov adı diqqət çəkir ki, ona da 4 oyunda ümumilikdə 28 dəqiqə şans verilib (orta hesabla hər matçda 7 dəqiqə).

Həmin Kamran Quliyev "Sumqayıt"da olanda əcnəbi ala bilmirdi, əl-qolu bağlı idi. Yaxşı, tutaq ki, o bu sahədə təcrübəsizdi, bəs Ceyhun Sultanova nə gəlib? Yəni Sultanov da futbolçu seçə bilmir?

"Sumqayıt"dan söz düşmüşkən, "mütləq yerli oynamalıdı" prinsipinə Quliyev ölkə xaricindən azərbaycanlı soyadına yaxın bildiklərini gətirib, "bizimki" etməklə sadiq qalırdı. Ad da olurdu ki, yerli futbolçudu. Eyni zamanda digər klublarda heyətə düşə bilməyən yerliləri icarəyə götürərək boşluğu doldururdu. "Sumqayıt" indi-indi akademiyasına diqqəti artırıb. Təsadüfi deyil ki, artıq Süleyman Əhmədov kimi futbolçu akademiyadan əsas komandaya cəlb edilib. Baş məşqçi Ayxan Abbasov isə ilk yarının bəzi kritik matçlarında 19 yaşlı müdafiəçiyə şans verib. Onun, xüsusən də, XIV turda "Neftçi" ilə səfər matçındakı performansı gələcəyə ümidlə baxmağa imkan verdi.

"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov akademiyada görülən işlər barədə məlumat verib. O, akademiyanın inkişafı yönündə xeyli işlər görüldüyünü vurğulayıb: "Əvvəllər komandanın stadion problemi olsa da, bu məsələ artıq öz həllini tapmış sayılır. Akademiyamızda 9 komanda AFFA-nın təşkil etdiyi Liqalarda iştirak edir. Daha iki yaş qrupu yaradılıb. Bunlar 6-7 və 8-9 yaş qruplarıdı ki, onlar da gələcək üçün atılan addımlardı. Akademiyanın iş prinsipini əsas və əvəzedici komandada çıxış edən futbolçuların sayı ilə təxmin etmək olar.

Bildiyiniz kimi, əsas komandamızın üzvü Xəyal Nəcəfov sırf klubun akademiyasından çıxıb, artıq 2 mövsümdü A komandada oynayır. Bundan başqa, əsas komandanın cinah müdafiəçisi Süleyman Əhmədovun da adını çəkə bilərik. O, ötən mövsümdə olduğu kimi, bu mövsüm də Premyer Liqada çıxış edir.

Bir misalı da göstərə bilərəm ki, daim əsas komandanın məşqlərində iştirak edən Rüfət və Səbuhi Abdullazadələr (2001-ci il təvəllüdlü) bu mövsüm "Qaradağ Lökbatan"la kubok matçında meydana çıxıb. Adları çəkilən futbolçular ötən mövsüm də Premyer Liqada iştirak ediblər. Hazırda əvəzedici komandamızda çıxış edən Cavidan Abaszadə, Cəlal İbrahimov, İbrahim Novruzov də gələcək vəd edən prespektivli futbolçularımızdı".

Uşaq futbolundan söz düşmüşkən, "Səbail"i də unutmaq olmaz. Cəmi 2 ilin klubu olan "Səbail"in uşaq futbolunda son vaxtlar işlər görülməkdədi. Paytaxt təmsilçisinin aşağı yaş qruplarında kifayət qədər istedadlı uşaqlar gözə çarpır. Ancaq görünən odu ki, baş məşqçi Aftandil Hacıyevin bundan xəbəri yoxdu. Heyətində 9 əcnəbisi olan "Səbail"in yerliləri tamamilə digər klubların yetirmələri, başqalarında heyət üzü görməyənlərdi. Bu komandanın Premyer Liqada 3-cü yerdə qərarlaşması isə sırf çempionatın səviyyəsizliyinin göstəricisidi. Aftandil Hacıyev cari mövsümün ilk yarısında 21 futbolçunun xidmətindən yararlanıb. Ancaq onlar arasında 1 nəfər də olsun əvəzedici heyətdən götürülən oyunçu yoxdu.

Əgər belə olacaqsa, əvəzedici komanda nə üçün fəaliyyət göstərir, uşaqlar hansı stimulla aşağı yaş qrupunda öz üzərində çalışsınlar?

"Komandamız cəmi ikinci ildi ki, Topaz Premyer Liqasında çıxış edir. Düşünürəm ki, qısa fəaliyyət müddətini nəzərə alsaq, klubun akademiyasında kifayət qədər yaxşı görülüb və bu proses davam etdirilir", - bu fikirlər "Səbail"in mətbuat xidmətinin rəhbəri Tora Əhmədovaya məxsusdu. Onun sözlərinə görə, kubun aşağı yaş qruplarından ibarət komandalarının əksəriyyəti yaxşı göstəricilərə malikdi: "Doğrudu, nisbətən zəif yaş qruplarımız da var. Həmin komandaların inkişafı üçün çalışırıq. Akademiyamızda müasir futbol düşüncəsinə malik məşqçilər işləyir. Onların ixtisaslı təhsil alması bütövlükdə klub tərəfindən dəstəklənir.

Hazırda 2 məşqçimiz UEFA-nın A kateqoriyalı məşqçi kursunda təhsilini artırır. Məşqçilərimizin kurslarda təhsil alması üçün lazımi maliyyə vəsaiti klubun büdcəsi hesabına təmin olunur. Aşağı yaş qruplarının inkişafına xüsusi önəm veririk. çalışırıq ki, bu qruplara cəlb olunan uşaqların böyük əksəriyyəti Bayıl qəsəbəsinin, Səbail rayonunun sakinləri olsun. Bu həm məşqlərə gediş-gəlişin asanlığı, həm də klubun yerləşdiyi əraziyə bağlılığı baxımından vacib amildi. Yeni layihələrimiz var.

Məşqçilərimizin təcrübəsinin artırılması üçün müxtəlif kurslara göndərilməsini planlaşdırırıq. Yeni ildən akademiyanın məşqçiləri mütləq qaydada ilkin tibbi yardım sertifikatı almalıdılar. Bu sertifikata malik olmayan məşqçilərlə yollarımızı ayıracağıq. Uşaq futbolunda bu çox vacib məsələlərdən biridi. İlkin tibbi yardımla bağlı kursların da ödənişi klub tərəfindən olunacaq. 

İnfrastrukturla bağlı müəyyən çətinliklərimiz var. çalışırıq ki, mümkün qədər qısa vaxt ərzində bu istiqamətdə də işimizi yaxşılaşdıraq. Hazırda akademiyanın yerləşdirilməsi və şəraitinin daha da yaxşılaşdırılması məqsədilə işlər görülür".

ümumiyyətlə, yeni yaranan komandaların boşluğu görüb yalnız nəticəni düşünməsidi Azərbaycan futbolunun, gənc futbolçuların belini qıran. Təəssüf ki, bizim klublar hələ də "ancaq əcnəbilərlə nəticə qazanmaq olar" düşüncəsindən qurtulmur, istedadlı yerliləri beləcə məhv edirlər. Elə bu düşüncənin nəticəsidi ki, vaxtilə puluna arxalanan bəzi klublar indi yoxdular.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest