Almaniyanın "Bayer" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin müdafiəçisi Timoti Fosu-Mensa uzun müddətə sıradan çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı futbolçunun Bundesliqanın 23-cü turu çərçivəsində "Frayburq"la ev oyununda ağır zədə aldığı diqqətə çatdırılıb. Oyunun sonlarında xəsarət alan Timotinin sağ dizinin ön çarpaz bağlarında qırılma aşkarlanıb.
 
Klub futbolçunun tezliklə əməliyyat olunacağını bəyan edib. Onun dəqiq bərpa müddəti açıqlanmır. Amma müdafiəçinin azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı iddia olunur.
 
Fosu-Mensa "Bayer"ə 2021-ci ilin yanvarında İngiltərənin "Mançester Yunayted" klubundan transfer olunub. O, Leverkuzen təmsilçisində 7 oyun keçirib.
 
Niderland yığmasının da üzvü olan Fosu-Mensa zədə səbəbindən Avropa çempionatında da iştirak edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest