Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid növü üzrə dünya çempionatı başa çatıb. Matç.az saytı xəbər verir ki, sonuncu tura qədər davam edən gərgin mübarizənin sonunda çempion adını gənc rusiyalı şahmatçı Daniil Dubov qazanıb.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son turda məhz Dubovla etdiyi heç-heçə sayəsində çempionluğu əldən verərək ikinci yeri tutub və gümüş mükafata layiq görülüb. Fəxri kürsünün 3-cü pilləsinə amerikalı Hikaru Nakamura qalxıb. Digər təmsilçilərimiz Qədir Hüseynov 37-ci, Rauf Məmmədov isə 77-ci yeri tutub.
Qadınların mübarizəsində vəziyət fərqli olub. İlk turlardan liderliyə yiyələnən çinli Yu Venyun üstünlüyünü sona qədər davam etdirərək dünya çempionu adını qazanıb. İkinci pilləni iranlı Sarasadat Xademakşariye, üçüncü yeri isə rusiyalı Aleksandra Qoryaçkina tutub. Təmsilçilərimiz Gülnar Məmmədova 18-ci, Günay Məmmədzadə 39-cu, Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova isə 79-cu olub.
Qeyd edək ki, sabah Sankt-Peterburqda blitz növü üzrə dünya çempionatı başlayacaq.