"Özümü necə itirdimsə, bilmədim nə deyim... Hamı getdi, yalnız baş məşqçi və mən qaldım. O gündən sonra məni nəinki əsas heyətə salırdı, heç adımı protokola da yazmırdı. Bir gün çağırdı ki, operatorun yanında dayanacaqsan"

İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar.
 
Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil.
 
Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi.
 
"Yada düşər xatirələr" rubrikasında həyatının böyük hissəsini "idmanın şahı"na həsr edən adamlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik.
 
Rubrikanın budəfəki qonağı vaxtilə ölkənin aparıcı klublarının və yığmanın şərəfini qoruyan, Ukraynada legioner həyatı yaşayan, hazırda "Keşlə"nin məşqçilər korpusunda çalışan Kamal Quliyevdir.
 
"Məni bağışlayın, səhvimi başa düşdüm, futbol oynamaq istəyirəm"
"Neftçi"də oynadığım vaxt idi. Əhməd Ələsgərov komandaya baş məşçi təyin olundu. Əhməd Lətifoviç gəldiyi ilk gündən məni həmişə oynadığım yox, əks cinahda yoxlamaq qərarı verdi. Həmin ərəfədə də ulduzumun təzə parlayan vaxtı idi, əla formadaydım. Hamı məndən danışır, tərifləyirdi. özümü ulduz saydığımdan Əhməd müəllimə mövqeyimi dəyişdiyi üçün etiraz etmək qərarına gəldim. özündənrazı halda otağına gedib "mənə bu cinahda rahatdı, burda daha yaxşı oynayıram, cinahımı dəyişmə" deməkdən çəkinmədim. Əslində mənim üçün fərqi yox idi, harda oynayırdım. Sadəcə, prinsip xatirinə mənə daha rahat olan cinahda oynamaq istəyirdim. Mərkəzə qoysalar da, başımı aşağı salıb futbolumu oynayacaqdım. Bir gün oyunöncəsi toplantıda guya baş məşqçinin qərarına etiraz olaraq, ayağımın ağrıdığını bəhanə edib oynaya bilməyəcəmi söylədim. İclasdan sonra bazadakı otağıma gəldim. Həmin gün də narın yağış yağırdı. özlüyümdə fikirləşirdim ki, artıq komanda oyuna yollanıb. Bazada tək qaldığımı düşünüb, qara balonkanı geyib meydanın ətrafında qaçmağa başladım. Qaçışdan sonra pilləkənlərlə yuxarı qalxıb-düşürəm, müxtəlif hərəkətlər edirəm. Hava yağışlı olduğundan qaçmaq, idman etmək özümə də ləzzət edir. "Sürüşmə" fəndi etməkdən xoşum gəlirdi deyə, təkbaşına meydanda bu hərəkəti edirəm, nəm otun üstündə sürüşür, durub qaçıram və yenidən 3 metrə "sürüşmə" fəndi edirəm. Sən demə, komanda hələ bazadan çıxmayıbmış. Əhməd müəllim məni pəncərədən görüb və bütün futbolçuları başına yığaraq kənardan baxırmış. Mən də məşqə necə aludə olmuşamsa, heç kimi görməmişəm. Dəli kimi idman etdiyimi görən Lətifoviç üzünü futbolçulara tutaraq, "na neqo smotrite, kak beşennıy sudak" (ona baxın, sanki vəhşiləşmiş sudakdı) söyləyib. Bir də onda ayıldım ki, hamı mənə əl çalır. özümü necə itirdimsə, bilmədim nə deyim... Hamı getdi, yalnız baş məşqçi və mən qaldım. O gündən sonra məni nəinki əsas heyətə salırdı, heç adımı protokola da yazmırdı. Bir gün çağırdı ki, operatorun yanında dayanacaqsan. Və tapşırıq verdi ki, kim ötürmə edəcəksə, onun adını çəkəcəksən. İndi hamı məşq edir, mən də şərhçi kimi ötürmə verənlərin adlarını bir-bir çəkirəm. Bundan ağır cəza ola bilməzdi. 1, 2, 3, 4 oyun... Mənə şans vermir. Daha dözə bilmədim, getdim yanına və "məni bağışlayın, səhvimi başa düşdüm, futbol oynamaq istəyirəm" dedim. Tərs-tərs üzümə baxıb, gedib komanda ilə məşqə qoşulmağımı istədi. Sonradan rəhmətliyin ən çox istədiyi futbolçulardan biri oldum və məni ilk dəfə Portuqaliya ilə oyunda milliyə dəvət etdi.
 
"Onun bu gün imtahanı Masallıda olacaq, cəhənnəm olun qapının ağzından"
Əhməd Ələsgərov "Abşeron" otelində qalırdı. Biz də ertəsi gün yoxlama matçı keçirmək üçün Masallıya getməliydik. Oyundan bir gün əvvəl Samir Əliyev gəldi ki, "sabah sürücülük vəsiqəsi almaq üçün imtahan verməliyəm. Sənin Lətifoviçlə münasibətin yaxşıdı, bir yerdə gedək otelə, mənim üçün icazə alaq". Səhər tezdən, saat 8-in yarısı girdik otelə, qalxdıq 7-ci mərtəbəyə. Qapını döyən kimi o tərəfdən qayıtdı ki, "kimdi?" Mən də cavab olaraq "bizik, sizin futbolçularınız" söylədim. "Hansı futbolçular" sualını verdi. Samirin üzünə baxıb "Kamal və Samirdi" dedim. Lətifoviç sanki bizi tanımırmış kimi qapının dalından "hansı Kamal, hansı Samir" deyərək əsəbi formada sual verdi. Elə bil qəsdən, bizi əsəbləşdirmək üçün qapını açmadan o tərəfdən o danışır, bu tərəfdən də biz. "Səhər tezdən nəyə gəlmisiz, nə lazımdı" sualını verdi. Durumu ona başa salmağa çalışdım. Bildirdim ki, Samir bu gün sürücülük vəsiqəsi almaq üçün imtahan verəcək. Sözümü ağzımda qoydu və mənə cavab olaraq "onun bu gün imtahanı Masallıda olacaq, cəhənnəm olun qapının ağzından" söylədi. Daha heç nə deyə bilmədik və suyumuz süzülə-süzülə geri qayıtdıq.
 
"özlüyümdə fikirləşirəm ki, görəsən, lift niyə 7-ci mərtəbəyə çatmır"
Ukraynaya yeni getdiyim vaxt idi. İnanın Allaha, elə isti var ki, hər tərəf od tutub yanır. Təsəvvür edin, elə istidi ki, saçım da nəfəs almağıma mane olur və bu üzdən başımı keçəl qırxdırmağa qərar verdim. Gündə iki dəfə - səhər-axşam məşqlərimiz olur. İlk 7 ayda oteldə qalırdım, sonradan mənə ev kirayələdilər. Səhər məşqindən çıxıb, tələsik taksiyə oturub otelə gəldim. Liftə daxil oldum və 7-ci mərtəbənin düyməsini basıb özümü kabinəyə söykədim. İndi gözləyirəm ki, lift qalxacaq və özümü otğıma çatdıracam. Məşqdə də o qədər yorulmuşam ki, ayaqüstə yatırdım. Gözlə ki, gözləyəsən. özlüyümdə fikirləşirəm ki, görəsən, lift niyə 7-ci mərtəbəyə çatmır. Heç vaxt bu qədər gec qalxmamışam. Təxminən 10 dəqiqə o vəziyyətdə qalmışam. Bir də gördüm qapı açıldı və kabinəyə ər-arvad daxil oldu, özü də birinci mərtəbədə. Bir an elə bildim yuxu görürəm. Sonradan mənə çatdı ki, sən demə, yorğunluq məni o qədər çaşdırıb ki, liftə minəndə düyməni basmamışam.
 
"Nə bizə futbolçu verdilər, nə də boyun olduqları mükafatı"
Ukraynada legioner həyatı yaşadığım dönəm idi. çempionatın başa çatmasına iki tur qalıb. Axırdan əvvəlki turda Kiyev "Dinamo"sunu qəbul etməli, sonuncu turda Donetsk "Şaxtyor"unun qonağı olmalıyıq. "Dinamo" da "Şaxtyor"u 3 xal qabaqlayır. Bizimlə oyunda heç-heçə kiyevlilərin çempion olmasına yetərlidi. Dünyanın hər yerində olduğu kimi, orda da köklü, güclü klublara hakimlərin simpatiyası hiss olunur, ədalət təmsilçiləri müəyyən qədər onlara kömək edirlər. Bizdə "Şaxtyor"dan icarəyə götürdüyümüz futbolçu var idi və səhv etmirəmsə, 76-cı dəqiqədə "Dinamo"nun qapısına qol vurdu. Son dəqiqələrdə hakim heç nədən qapımıza penalti təyin etdi. Belkeviç "nöqtə"yə yaxınlaşdı və "9-luğ"a göndərdiyi topu qapıçımız möcüzə sayəsində çıxardı. Həmin qarşılaşmanı qalib başa vurmağı bacardıq. Qələbə üzündən kefimiz kök, əhval-ruhiyyəmiz əla hazırlaşırıq Donetsk səfərinə. Baş məşqçi məşqə gəlmir, köməkçi Pyotr İvanoviç Kuşlyukun rəhbərliyi altında məşq özfəaliyyət dərnəyini xatırladır. Kim nə istəyir, onu da edir. Bəzi nüanslar var ki, onu açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, qərarı baş məşqçi komanda ilə birlikdə verirdi. Matçdan bir gün öncə uçduq Donetskə. Gecə saat 1-də Kvartsyanı iclas keçirdi. Qayıtdı ki, "sabah Kiyevdən adamlar gələcək. "Şaxtyor"a oyun verməkdən söhbət gedə bilməz. Nəsə olsa, bizim axırımız olacaq, komandanı həvəskarlar liqasına yollayacaqlar. Biz "Şaxtyor"u udsaq, kiyevlilər bizə gələn mövsümə iki futbolçu verməklə yanaşı, adambaşına 10 min dollar da qazanacaqsız". İndi hamımız çaşıb qalmışıq. Bir həftədi futbolçular məşq etməyib, yeyib-içməklə günümüzü yola vermişik. İndi isə belə məsələ qaldırıblar. Gözümüzün önünə "Donbas Arena" gəlir. Bütün Donetsk çempionluğu bayram etməyə hazırlaşır. Oyun başladı. Timoşuk "Şaxtyor"un kapitanı idi və mən də onunla fərdi oynamalıydım. Tribunlar tam dolub, hamı narıncı rəngdə geyinib gəlib. Həmin matçı 3:1 hesabı ilə udduq. Hakimin final fitindən sonra o qədər azarkeş olmasına baxmayaraq, milçək uçsa, səsi eşidilərdi. Azarkeşlər sanki donub qalıblar. Təəssüf ki, "Dinamo" rəhbərliyi verdiyi sözü tutmadı. Nə bizə futbolçu verdilər, nə də boyun olduqları mükafatı (Futbol+).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest