Premyer Liqanın XX turu çərçivəsində günə Sumqayıtda yekun vuruldu. Matc.az saytı xəbər verir ki, 4-cü pillədəki mövqeyi təhlükə altına düşən "Sumqayıt" baş məşqçi dəyişikliyindən sonra oyun planında irəliləyişə nail olan "Keşlə"ni qəbul edirdi. Qarşılaşma, xüsusən də, bakılılar üçün həyati önəm kəsb edirdi. Rəqibdən 9 xal geridə olan qəsəbə təmsilçisi 4-cü yerə ümidini davam etdirmək üçün mütləq qalib gəlməli idi.

"Sumqayıt" – "Keşlə" – 2:2
Qollar: Camaləddin Xocaniyazov, 49; Rəhim Sadıxov, 80 - Azər Salahlı, 3, 74
"Sumqayıt": 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov (11. Mehdi Şərifi, 79), 21. Cabir Əmirli (7. Tellur Mütəllimov, 46), 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi (78. Dmitro Nağıyev, 86), 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 22. Cavid İmamverdiyev, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
"Keşlə": 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli (23. Nicat Qurbanov, 87), 7. Rəhman Hacıyev (91. Sadio Tonkara, 63), 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriges (9. Anatole Abanq, 70), 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 32. Elvin Yunuszadə, 21. Miyusko Boyoviç, 29. Yevgeni Koçuk, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov

Əcnəbilər ehtiyata, yerlilər meydana...
Ayxan Abbasov oyun fəlsəfəsinə və 5-4-1 sxeminə sadiq qalmışdı. Düzdü, bəzi məcburi dəyişikliklər var idi. Xüsusən də, Elvin Bədəlov və Vüqar Mustafayevin yoxluğunu qeyd etmək lazımdı. Yəqin ki, Mustafayevin olmaması baş məşqçini daha çox narahat edirdi. "Keşlə"də isə Sənan Qurbanov islahatların olacağına hələ "Neftçi" ilə ötən tur matçında işarə vurmuşdu. Stanislav Namaşkonun əlindən əlcəklərin alınması gözlənilən idisə, Sadio Tounkara, Anatole Abanq, Miyuşko Boyoviç və Yevgeni Koçukun eyni anda ehtiyata atılması cəsarət tələb edirdi. 4-2-3-1 sisteminə güvənən baş məşqçinin start heyətində cəmi 3 əcnəbi oynatması yerlilərə daha çox önəm verdiyini göstərir. Cinah müdafiçisi Tural Axundovun dayaq yarımmüdafiəçisi kimi çıxış etməsi xüsusi diqqətçəkən idi.

Xeyir gətirən risk
Hadisələri qabaqlayıb deməliyik ki, bakılıların çalışdırıcısının bu riski komandasının xeyrinə oldu. Erkən gələn qolu da əlavə etsək, belə demək mümkünsə, "Keşlə" matça hərtərəfli 1:0 öndə başladı. Hesabın açılmasında Silvio Rodrigesin mübarizliyi və ideal ötürməsi həlledici rol oynadı. ümumilikdə birinci hissə "Keşlə"nin nəzarəti altında keçdi. Turnir cədvəlindəki yerlərin əksinə, matça diktə edən tərəf qonaqlar idi. Təbii ki, bunda baş məşqçinin seçdiyi taktikanın və oyunçuların meydandakı düzülüşünün böyük rolu var idi. Paytaxt təmsilçisində Tural Axundov və Con Kamaranın əsas işi önlərindəki oyunçuları topla təmin etmək və mərkəzdə qalaraq rəqibin həmlələrini qarşılamaq idi. Rodrigesin arxasındakı "üçlük" isə sürətli futbolçulardan qurulmuşdu. Rəhman Hacıyev – Sezar Meza Kolli – Vüsal İsgəndərov "trio"su tempin aşağı düşməsinə imkan vermirdi. Əlbəttə ki, rəqibin orta sahəsində yaranmış boşluq da buna kömək edirdi.

"Sumqayıt"ın əl-qolunu bağlayan gediş
"Keşlə"nin baxımlı oyununa baxmayaraq, az qol imkanı yaratması "Sumqayıt"ın müdafiəyəmeyilli futbolçularının çoxluğundan qaynaqlanırdı. "Kimyaçılar"da yalnız Rəhim Sadıxov hücumçu Əli Qurbaniyə yaxın çıxış edirdi. İlk dəqiqələrdən meydanda olan Elvin Məmmədov hücumlar zamanı çatdırmırdı. Əksər epizodlarda Sadıxovla Qurbani irəlidə tək qalır, komanda yoldaşları onlara dəstək verməkdə gecikirdilər. Bu da hücum planında "Sumqayıt"ı xeyli axsadırdı. Ayxan Abbasovun kollektivi yalnız standart vəziyyətlərə və Qurbaninin "ikinci mərtəbə"dəki hakimiyyəti səbəbindən cinah asmalarına bel bağlayırdı. Qonaqlar "gənclik şəhəri" təmsilçisinin lideri Rəhim Sadıxovu zərərsizləşdirməklə onların əl-qolunu bağlamışdı. ümumiyyətlə, ilk 45 dəqiqədə "Keşlə" son vaxtların ən kompakt oyununu ortaya qoydu.

Lazımi anda uğurlu əvəzləmə
İlk yarıda olduğu kimi, ikinci hissə də qolla başladı. Bu dəfə rollar dəyişmişdi. Elvin Məmmədovun sona qədər mübarizə aparmasına Kamal Bayramov böyük "hədiyyə" ilə dəstək verincə, Camaləddin Xocaniyazova yalnız topu boş qapıdan keçirmək qaldı. Bayramov bu səhvlə Namaşkodan heç də "geri qalmadığını" göstərdi. Sürpriz qol birinci hissədəki "Keşlə"dən əsər-əlamət qoymadı. Artıq daha çox topla davranan və istəkli görünən tərəf "Sumqayıt" idi. Komanda hücuma az adamla çıxsa belə, yenə qol vəziyyəti yarada bilirdi. Bu da "Keşlə"nin pərakəndə çıxışından qaynaqlanırdı. Rəqibin gec-tez qol vuracağını görən Sənan Qurbanov Sadio Tounkaranı meydana buraxaraq orta sahədəki boşluğu doldurmağa çalışdı. Bu əvəzləmə çox keçmədən özünü doğrultdu. Hər kəsin "Sumqayıt"dan qol gözlədiyi bir vaxtda cərimə zərbəsini düşünülmüş şəkildə paslaşaraq yerinə yetirən qonaqlarda məhz malili yarımmüdafiəçinin asmasını qolla tamamlayan müdafiəçi Azər Salahlı dubla imza atdı. Ancaq çox keçmədən "Sumqayıt" yenidən "status-kvo"nu bərpa etdi.

Həyati seyv
Yüksək keyfiyyət olmasa da, sürətli alınan qarşılaşmada bir anlıq temp aşağı düşdü. Əvəzləmələr və tez-tez zədələnmə səbəbindən matçın dayanması sanki futbolçuları da mübarizədən soyutdu. Yalnız son dəqiqələrdə "Keşlə" əvvəlki görüşlərdə olduğu kimi, yüz faizlik qol imkanlarını dəyərləndirə bilmədi. Elə epizodlar idi ki, orada qol vurmamaq ən çətini idi. Xüsusən də, son dəqiqələrdə Mehdi Cənnətovun fantastik seyvi "Sumqayıt"a həyat verdi, "Keşlə"nin isə 2 xalını əlindən aldı. Sənan Qurbanovun rəhbərliyi altında meydana çıxdığı 6-cı oyunda 4-cü heç-heçəsini edən "Keşlə" yeni çalışdırıcıya hələ qələbə hədiyyəsi etməsə də, oyun baxmından xeyli artırması və baxımlı, hücumameyilli çıxış etməsi təqdirəlayiqdir. "Sumqayıt" isə bu performansla 4-cülüyü əldən verə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest