"Zirə"nin yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycandakı karyerası barədə danışıb. Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu "Tribunaexpresso" nəşrinə müsahibəsində maraqlı fikirlər səsləndirib.
 
O, koronavirusla bağlı Azərbaycandakı vəziyyətdən danışarkən bunları qeyd edib: "Azərbaycanda demək olar ki, hər yer açıqdır. Amma restoran və bank kimi qapalı məkanlarda qaydalara əməl etməli və məsafə saxlamalıyıq. Məncə, yoluxmuş insanların sayı gündəlik 700 civarındadır. 10 milyon əhaliyə malik ölkə olduğundan virusla bağlı vəziyyəti idarə etməyi bacarırlar. Bu xəstəliklə oynamamalıyıq, çünki ölümə səbəb olur. Yalnız burada deyil, bütün dünyada bir çox insan vəfat edir. Braziliyada isə daha çox insan dünyasını dəyişir. Burada vəziyyətə nəzarət etməyi bacardılar. ölkəyə peyvənd də gəlib, ilk olaraq daha yaşlı şəxslər peyvəndlənir. Daha sonra sıra gənclərə də növbə çatacaq".
 
Braziliyalı yarımmüdafiəçi Bakıda yaşadığı üçün xoşbəxt olduğunu söyləyib: "Buradakı əhalinin hamısı müsəlman deyil. çoxlu rus, ukraynalı və digər xalqların nümayəndələri var. Gündəlik həyat yaxşıdır, ailəmin və mənim sevdiyim ölkədir. Həyat yoldaşım da buranı bəyənir, qızım məktəbdə yaxşı oxuyur. Hər kəs sənə hörmət edir və hamı insanlara kömək etməyi sevir. Xüsusən də xaricdən gələnlərə. Azərbaycanlılar mehriban insanlardır. Yaşamaq üçün çox yaxşı ölkədir. Cinayət yoxdur, sakit və dinc yerdir. Mənim üçün isə ən önəmli olan bunlardır. Ən çox dəyər verdiyim şey ailəmin təhlükəsizliyidir".
 
Təcrübəli oyunçu 2012-ci ildə "Qarabağ"a keçidini xatırlayıb: "Menecerim Polşanın "Legiya" (Varşava) klubundan təklif aldığımı dedi. Həmin vaxt Portuqaliyanın "Jil Visente" komandasında çıxış edirdim. Tətil üçün Braziliyaya getmişdim. Səhv etmirəmsə, "Legiya" 2-3 illik müqavilə təklif etdi. Bu səbəbdən qəbul etdik. Daha sonra yatdım və növbəti gün yuxudan duranda Azərbaycandan, "Qarabağ"dan təklif gəldi, fikrimizi dəyişdik. Allaha şükür edirəm ki, buraya gəlmək imkanım oldu".
 
Azərbaycan yığmasının da formasını geyinən yarımmüdafiəçi milli seçimi ilə bağlı bunları deyib: "Bu ölkənin vətəndaşı olmağı qəbul etdim. Bunun üçün pul almadım. çünki yığmada oynamağı ürəkdən istəyirdim və beynəlxalq oyunlarda ölkəni təmsil etdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest