Futbol üzrə Serbiya yığmasının müdafiəçisi Stefan Mitroviç Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri oyunu şərh edib, eləcə də Azərbaycan millisinə qarşı keçirəcəkləri növbəti matçla bağlı fikirlərinib bölüşüb.
 
Matc.az xəbər verir ki, Fransanın "Strasburq" klubunda çıxış edən 31 yaşlı futbolçu ötən gecə baş tutan və 2:2 hesabıyla bitən Portuqaliya ilə matçdan danışarkən bunları qeyd edib:
 
"Nəticədən o qədər də razı deyilik. çünki qələbəyə doğru gedirdik. Buna baxmayaraq, komandamızla, onun hər bir oyunçusu ilə fəxr edirəm. İlk iki oyunda qurduqlarımızı dağıda bilmərik. Matçdan-matça artırmalı, ürəklə və cəsarətlə oynamalı, qələbələr qazanmağa və xallar toplamağa davam etməliyik".
 
Mitroviç 90+3-cü dəqiqədə rəqib futbolçu Kristiano Ronaldonun sayılmayan qol epizodunu da şərh edib. Təcrübəli oyunçu topu qapı xətti üzərindən çıxardığını iddia edib: "Ronaldonun situasiyaya öz baxışı var. O, əsəbiləşə bilər, amma mən topun qapı xəttini keçdiyini düşünmürəm".
 
Serbiya millisinin üzvü martın 30-da Bakıda baş tutacaq Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalarının vacibliyindən də danışıb: "Azərbaycana soyuq başla getməliyik. Dünya çempionatına bu cür daha zəif rəqiblərlə görüşlərdə xallar toplayan komanda gedəcək. Bu, köklənməli olduğumuz oyundur".
 
Qeyd edək ki, hazırda Serbiya və Portuqaliya yığmaları 2 oyundan sonra 4 xalla A qrupuna başçılıq edir. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi Serbiyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək. Oyuna saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest