"Müvafiq dövlət orqanları tərəfindən azarkeşlərin stadiona gələcəyinə dair hər hansı bir qərar verilərsə, təbii ki, AFFA bu prosesin tənzimlənməsi ilə bağlı üzərinə düşən işlərin həyata keçirilməsinə başlayacaq. Hələ ki, "Avro-2020"nin Bakıda keçiriləcək oyunlarında stadiona azarkeşlərin buraxılması ilə bağlı UEFA ilə müzakirələr gedir"

Azərbaycana qonşu olan ölkələr milli komandalarının matçlarına azarkeşləri buraxmağa başlayıb. Dç-2022-nin dünən keçirilən Gürcüstan – İspaniya, eləcə də Ermənistan – İslandiya oyunlarına stadionun tamaşaçı tutumunun 30 faizi həcmində fanat buraxılıb. Bu isə o deməkdir ki, 16 min gürcü azarkeşi və 4200 nəfər erməni komandalarının matçlarını arenadan canlı izləyə biliblər.
 
Bu, ötən ilin martından sonra həmin ölkələrdə ilk belə haldır. Qardaş Türkiyənin Futbol Federasiyası isə martın 30-da Latviyaya qarşı keçiriləcək Dç-2020-nin oyununa 15 faizədək azarkeşin buraxılmasına dair qərar verib.
 
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən indiyədək adları çəkilən ölkələrin heç birində stadiona tamaşaçı buraxılmırdı.
 
Bəs, görəsən, bizdə nə vaxt azarkeşlər stadiona buraxılacaq? Nəzərə alaq ki, yayda Bakıda Avropa çempionatının 4 matçı keçirilməlidir, UEFA isə tribunalara fanatların buraxılmasını istəyir. Yaxın vaxtlarda stadiona azarkeşlərin buraxılması ilə əlaqədar AFFA-nın hər hansı qərarı gözlənilirmi?
 
Milli federasiyanın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Qol.az saytının bununla bağlı sorğusuna cavab olaraq deyib:
 
"Bu, AFFA ilə bağlı yox, Operativ Qərargahla əlaqədar məsələdir. ölkədə bütün kütləvi tədbirlər qadağandırsa, AFFA stadiona necə azarkeş buraxa bilər? Biz azarkeşlərlə bağlı harasa müraciət edə bilmərik. Yalnız yarışların keçirilməsi ilə bağlı müraciət edə bilərik. Azarkeş artıq təkcə AFFA-nın məsələsi deyil. Bu, kütləvilikdir. Əgər müvafiq qurumlar hesab edirsə ki, kütləvi tədbirlərdə insanların bir araya gəlməsi hələ ki, münasib deyil, biz buna heç bir şəkildə müdaxilə edə bilmərik. Müvafiq dövlət orqanları tərəfindən azarkeşlərin stadiona gələcəyinə dair hər hansı bir qərar verilərsə, təbii ki, AFFA bu prosesin tənzimlənməsi ilə bağlı üzərinə düşən işlərin həyata keçirilməsinə başlayacaq. Hələ ki, "Avro-2020"nin Bakıda keçiriləcək oyunlarında stadiona azarkeşlərin buraxılması ilə bağlı UEFA ilə müzakirələr gedir. Təkcə biz yox, bütün meydan sahibi olan şəhərlər bununla bağlı danışıq aparır". qol.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest