"İki səfər oyunundan sonra Bakıda sabah ilk oyunumuza çıxacağıq".
 
Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Dç-2022-nin seçmə mərhələsində Serbiya ilə sabah keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
 
Bakı Olimpiya Stadionunun konfrans zalında media önünə çıxan italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "ötən iki matçda bəzi keyfiyyətlərimizi göstərə bildik. çatışmayan aspektlər var. Bunları yaxşılaşdırmalıyıq. Sabahkı rəqib fiziki və texniki cəhətdən güclüdürlər. 95 faizi xaricdə oynayır. Bizi ağır oyun gözləyir".
 
- Portuqaliya ilə oyunda ikinci hissəni, Qətərlə görüşdə isə birinci hissəni yaxşı keçirdiniz. Stabillik üçün nə çatmır?
- İki fərqli oyun oldu. Fərqli rəqiblər idi. Portuqaliyaya qarşı ilk hissədə futbolçularda utanclıq oldu. İkinci hissədə özlərinə inandılar, qorxusuz oynaya biləcəyimizi göstərdik. Komandanın ikinci hissədə xarakterindən razı qaldım. Qətərlə görüşdə millidə az oynayanlara şans verdik. Bəzilərinin fiziki durumları da qənaətbəxş deyildi. İkinci qolu da vura bilərdik. Penaltini də hakim rəqibə hədiyyə etdi. İkinci qol epizoduna gəlincə, 100 zərbədən birində o cür qol olardı.
 
- Bəhlul Mustafazadə xəsarət aldı. Zədəlilərlə bağlı son durum necədir?
- Bəli, ayağından zərbə aldı. Sabaha hazır olub-olmayacağını bilmirik.
 
- Start heyətini müəyyənləşdirmisiz?
- Heyətlə bağlı heç bir şübhəm yoxdur. Sabah nəyə malik olduğumu göstərmək üçün böyük istəklə oyuna çıxacaq oyunçular olacaq.
 
- Rəqibin baş məşqçisi Serbiya ilə Azərbaycan yığmalarının hansısa sirrinin olmadığını söylədi. Bəs sizin üçün elə bir sirr var ki, aşağı yaş qrupu üzrə yığmalarımızda çalışan serbiyalı Milan Obradoviç və Miloş Velebitdən öyrəndiniz?
- Bəli, Milanla danışmışıq. Amma indi yox, bir müddət əvvəl. Serblər məşqçilərini dəyişiblər, ilk iki görüşdə 4 xal toplayıblar. Böyük təcrübələri var. Təəssüf ki, bizim oyunçularımızda bu təcrübə yoxdur. Bu da iki komanda arasında fərq yaradır.
 
- Emin Mahmudov böyük təzyiqdən sonra milliyə çağırıldı və artıq əsas heyətdə yer alır. Nə çatmır ki, komanda Eminin ətrafında toplaşıb istədiyimiz oyunu sərgiləsin?
- Emin koronavirusla bağlı çətin period keçirdi. Amma böyük təcrübəyə malikdir və hazırda əla formadadır. Seçmə mərhələdən əvvəl onunla ayrıca görüşüb danışdıq. Onun haqda başqa cür düşünürdüm. Amma görüşdən sonra fikrim dəyişdi. Ağıllı, ölkəsinə, vətəninə sadiq uşaqdır.
 
- Milliyə gəldiyiniz zaman ilk mətbuat konfransınızda bildirmişdiniz ki, millidə mentalitet, taktika və çalışqanlıq dəyişməlidir. Bu müddətdə həmin məqamlardan hansında dəyişiklik olub?
- O qədər də tez-tez görüşə bilmirik. 6 gündə 3 oyun keçirəcəyik. Portuqaliya ilə görüşə də bir həftə əvvəl yığışdıq. Mentalitet üzərində çox işləyirik. Amma bu, bir gün ərzində dəyişə bilməz. Uşaqlar inkişafa daha çox istəkli olmalı və inanmalıdırlar, heç bir oyunu beyinlərində uduzmamalıdırlar.
 
- Azarkeşlərimiz çox əsəbidir, sizdən qələbə gözləyirlər. Nəhayət, sabah ilk qələbəni görə biləcəyik?
- Təəssüf ki, mən özüm də çox narahatam. çoxlu istək, meydançada vuruşmaq lazımdır. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşləri sevindirməkdir.
 
- Son iki oyuna əsasən deyə bilərsiniz ki, bu komanda final mərhələsinə vəsiqə qazana bilər?
- çox tez irəli qaçırsınız. Biz hələ başlanğıcdayıq. Bu gün uşaqlarla danışdım, dedim ki, buna inanmalıyıq. çünki özümüz inanmasaq, heç nəyə nail ola bilmərik. Qrupun 5-ci komandasıyıq. Amma futbolda həmişə güclülər qalib gəlmir.
 
- Serbiya yığması ilə 5 dəfə qarşılaşmışıq. 2003-cü ildə bu komanda ilə səfərdə bərabərə qalıb, evdə qələbə qazanmışıq. Həmin dövrdə də indiki kimi, heyətin əsasını yerli çempionatda oynayanlar təşkil edirdi. Serbiyadan bu dəfə minimum 1 xal ala biləcəyikmi?
- Niyə limit qoyursunuz? 10-15 il əvvəl necə olduğunu deyə bilmərəm. Bilmirəm Azərbaycanın əvvəlki futbolçuları daha güclü idilər, yoxsa bəxtləri gətirmişdi. Sabah güclü komandaya qarşı oynayacağıq.
 
- Mahir Emreli 6 gündə üçüncü matça çıxmağa hazırdır?
- Fiziki baxımdan hazırdır. Qətərlə görüşdə 65 dəqiqə oynadı. Qətərin yoldaşlıq görüşləri olduğu üçün bütün oyunçulara şans verə bilərlər. Biz isə seçmə mərhələ matçını da düşünməli idik. Mahirlə bağlı qərarı sabah verəcəyik.
 
- Dediniz ki, Portuqaliya ilə görüşün ilk hissəsini futbolçular utancaq keçirdilər, ikinci hissədə özlərinə daha çox güvəndilər. Səbəb yalnız bu idi, yoxsa fasilədən sonra meydana daxil olan iki futbolçu?
- Bunu başa salmaq çətindir. Bizim heyətimiz Azərbaycan çempionatında oynayır. öyrəşmədiyimiz üçün ilk hissədə çətinlik çəkdik. Onların futbolçuları İtaliyada, İngiltərədə, Almaniyada oynayırlar. Futbolçularıma da deyirəm ki, nə qədər çox imkan yaradırıq, rəqib daha güclü çıxış edir. Bu səbəbdən qorxmadan mübarizə aparmaq lazımdır.
 
- Texniki-taktiki baxımdan məşqçi kimi sabaha hansı sözü verə bilərsiniz?
- Texniki baxımdan böyük çətinlik çəkdiyimizi düşünmürəm. Əsas situasiyaları oxumaqda çətinlik olur. Oyunçulara deyirdim ki, gənc yaşda texniki baxımdan kimisə qabaqlaya bilərsiniz. Amma bu yaşda situasiyaları oxumaq lazımdır. çünki bir saniyə belə, böyük rol oynayır. İnkişaf üçün addım-addım irəliləməliyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest