"Zirə"nin sabiq futbolçusu Miloş Radivoyeviç Serbiya millisinin Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəyi Dç-2022-nin seçmə mərhələ oyunu öncəsi fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, 31 yaşlı serb müdafiəçi "İnformer" nəşrinə müsahibəsində bunları söyləyib:
 
"Azərbaycan millisində demək olar ki, bütün futbolçular daxili liqada çıxış edir. Seçimləri elə də çox deyil. Bu komandanın heyətində "Qarabağ"da çıxış edən Maksim Medvedevi xüsusi qeyd edərdim. O, yığmanın ən yaxşı oyunçularından biridir. Bizim üçün yaxşı olan rəqibin çox hücum etməməsidir. Medvedev komandanın digər müdafiəçisi Anton Krivotsyukdan qat-qat üstündür. Nemanya Radonyiçin Krivotsyukla asanlıqla mübarizə aparacağına əminəm".
 
Hazırda ölkəsində "Rad" klubunun formasını geyinən Radivoyeviç Azərbaycan yığmasının digər müdafiəçilərini də təhlil edib: "Qarabağ"dan Bədavi Hüseynov dəqiq oynayan müdafiəçidir. Hüseynov bunu Portuqaliya ilə görüşdə göstərdi. Elvin Bədəlov isə müdafiəçi deyil. "Sumqayıt" klubunda yarımmüdafiəçi kimi oynayırdı. Onlar güc və sürət baxımından hücumçularımıza qətiyyən uyğun gəlmirlər".
 
Müdafiəçi "Neftçi"nin kapitanı Emin Mahmudov və digər oyunçular haqqında da danışıb: "Emini xüsusi qeyd etmək istərdim. Mükəmməl zərbələri və yaxşı ötürmələri var. Canni De Byazinin Portuqaliya ilə matçda cinahlarda müdafiəçiləri oynatdığını gördüm. Azər Salahlı sol cinah müdafiəçisidir, Abbas Hüseynov isə müdafiənin sağında oynayır. Daha bir keçmiş komanda yoldaşım Tellur Mütəllimovun Serbiyaya qarşı cinahda çıxış edəcəyini gözləyirəm. Ona diqqət yetirmək lazımdır, heç kimin gözləmədiyi vaxt uzaq məsafədən möhtəşəm zərbələr vurur. Yarımmüdafiədə son dərəcə ürəkaçan və topla yaxşı oynayan sabiq komanda yoldaşım Vüqar Mustayev var. Mahir Emreli maraqlı oyunçudur, amma öz liqaları üçün! Əli Qurbaniyə qarşı oynamamışam və keyfiyyətlərini bilmirəm. Qapıçı Şahruddin Məhəmmədəliyev isə Portuqaliyaya qarşı həyatının matçını oynadı. ümid edirəm ki, həmin oyununu təkrarlamaz".
 
Radivoyeviçin fikrincə, Azərbaycan millisinin futbolçuları serbiyalılarla müqayisə oluna bilməz: "Rəqibin heyətində hamı yerli çempionatda çıxış edir və serbiyalı futbolçularla müqayisə oluna bilməz. Sadəcə, özümüz üçün böyük problem yarada bilərik. Zəif komandalarla görüşlərdə büdrəyə bilirik, amma ümid edirəm ki, bu dəfə belə olmayacaq. Yeni baş məşqçi Draqan Stoykoviçin işini yüksək qiymətləndirirəm. Əvvəlki iki oyunda komandamız əla oynadı. Futbolçularımızın rahatlamayacaqlarına inanıram. Bu vəziyyətdə asanlıqla 2 və 3 top fərqi ilə qələbə qazanacağımıza şübhə etmirəm. Bundan başqa nəticə mənim üçün sürpriz olardı".
 
Bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Serbiya matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest