"Liverpul" İngiltərə Premyer Liqasının XXI turu çərçivəsində bu gün "Mançester Siti"nin qonağı olacaq. Matç.az saytı xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşma öncəsi mətbuat konfransı keçirən "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp rəqibi tərifləyib.

Almaniyalı mütəxəssis, xüsusən də, "şəhərlilər"in çalışdırıcısı Pep Qvardiola ilə bağlı müsbət fikirlər səsləndirib: "Pepi çox bəyənirəm, onun işinə heyranam. Qvardiola görkəmli mütəxəssisdi. Mənə görə, o, dünyanın ən güclü məşqçisidi. Bunu ona görə demirəm ki, Pep "Liverpul"u Avropa və ya dünyanın ən yaxşı komandası adlandırıb. O bunu deyəndə biz cəmi 7 top buraxmışdıq və ardıcıl 9 matç idi qol buraxmırdıq. "Mançester Yunayted" və "Tottenhem" kimi klublara qalib gəlirsənsə, dünyanın ən yaxşı komandalarından birisən. Mənim üçün də "Mançester Siti" ən güclü komandadı. Ancaq bu, hədəfimizi dəyişmir. Onlara qalib gəlmək istəyirik. Hətta heç-heçəni də yaxşı nəticə sayaram".

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest