Azərbaycan millisi Dç-2022-nin seçmə mərhələsində ikinci, ümumilikdə isə 6 gün ərzində üçüncü oyununu keçirdi. Matc.az saytı xəbər verir ki, yığmamız Portuqaliyadan sonra qrupdakı digər güclü komanda Serbiya ilə qarşılaşdı.

Bu, həm də uzun fasilədən sonra paytaxtımızda ilk beynəlxalq görüş idi. Portuqaliyaya qarşı görüşdəki ikinci hissədə olduğu kimi, bu dəfə də futbolçularımızın rəqibə müqavimət göstərməsi xal qazanmağa kifayət etmədi.

 

Dç-2022-nin seçmə mərhələsi
A qrupu, III tur

Azərbaycan - Serbiya - 1:2
Bakı Olimpiya Stadionu. Baş hakim: Roy Reynşreyber (İsrail)
Qollar: Emin Mahmudov, 59 (pen.) - Aleksandar Mitroviç, 16, 81

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı (19. Təmkin Xəlilzadə, 72), 13. Abbas Hüseynov, 20. İsmayil İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev (10. Mahir Emreli, 69 / 17. Elvin Cəfərquliyev, 79), 9. Əli Qurbani (11. Ramil Şeydayev, 69)

Ehtiyat oyunçular: Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 16. Aleksey İsayev, 21. Coşqun Diniyev, 22. Toral Bayramov
Baş məşqçi: Canni de Byazi

Serbiya: 12. Predraq Raykoviç, 13. Stefan Mitroviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spahiç, 7. Nemanya Radonyiç (19. Mihailo Ristiç, 86), 6. Nemanya Maksimoviç (22. Marko Qrujiç, 64), 8. Nemanya Qudelj, 17. Filip Kostiç (14. Andriya Jivkoviç, 64), 10. Duşan Tadiç (k) (11. Luka Yoviç, 75), 20. Sergey Milinkoviç-Saviç, 9. Aleksandar Mitroviç (18. Duşan Vlahoviç, 86)
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Corce Nikoliç, 3. Marko Petkoviç, 4. İvan İliç, 15. Nenad Krstiçiç, 16. Saşa Lukiç, 21. Filip Dyuriçiç
Baş məşqçi: Draqan Stoykoviç

Yenə "beşli" müdafiə, fərqli orta sahə

Baş məşqçi Canni de Byazi yenə "beşli" müdafiəyə etibar etmişdi. "üçlü" mərkəz müdafiəsinə kapitan Maksim Medvedev nəzarət etməli idi. Ona sağ cinahdan Bədavi Hüseynov, soldan isə Elvin Bədəlov tərəfdaşlıq edirdi. Millidə əsas yük cinahların üzərinə düşəcəkdi. çünki Anton Krivotsyukla Abbas Hüseynov həm hücuma dəstək verməli, həm də "ikinci mərtəbə"də təhlükəli olan serblərin cinah asmalarına mane olmalı idilər. Azər Salahlı dayaq yarımmüdafiəçi funksiyasını daşımaqla yanaşı, sol cinahda da Krivotsyuka yaxın oynamaq tapşırığı almışdı. Komandamız müdafiə olunarkən ona dəstək verməli olan əsas şəxs İsmayıl İbrahimli idi. Emin Mahmudov onların önündə bir növ pleymeyker funksiyasını daşıyırdı. Əli Qurbaninin işi bəlli idi: hücumda ötürmələrə açılmaq, eyni zamanda top rəqibdə olarkən onların müdafiəçilərini təzyiq altında saxlamaq. Sərbəstlik alan Anatoli Nuriyev isə Qurbani hara gedirsə, ona yaxın olmalı, birlikdə tandem təşkil etməli idi.

15 dəqiqə çəkən pressinq

İlk dəqiqələr topun əsasən qonaqlarda olacağının xəbərçisi idi. Portuqaliya ilə matçdan nümunə götürən de Byazi bu dəfə rəqibin qapımız qarşısına çox yaxınlaşmaması üçün ön xətdəki futbolçulara pressinq etməyi, hərəkətsiz qalmamağı tapşırmışdı. Bu da bir növ öz bəhrəsini verirdi. Futbolçularımız serblərin tam qüvvə ilə hücuma atılmasına mane ola bilirdilər. Rəqib müdafiənin mərkəzini keçər-keçməz 3, bəzən də 4 yarımmüdafiəçidən ibarət orta sahə tərəfindən qarşılanırdı.

Təəssüf ki, yığmamızın yalnız 15 dəqiqə bu cür oynamağa gücü çatdı. Oyunçularımız getdikcə geri çəkilməyi seçdilər. Bunda rəqibin təzyiqinin də təsiri oldu. üstəlik, serblərin xüsusən sağ cinahdan həmlələrə üstünlük verməsi baş məşqçilərinin komandamızı düzgün təhlil etdiyini göstərir. çünki Portuqaliya ilə qarşılaşmada məhz sol cinahımız ciddi boşluqlar verirdi. Orada tətbiq edilən pressinq Azər Salahlını səhvə vadar etdi və bu, hesabın açılmasına gətirib çıxardı.

Bir epizodla ayılan serblər

Vurulan qol qonaqları sakitləşdirdi. Düzdür, nəzarət yenə onlarda idi, ancaq tempi aşağı salmağa çalışırdılar. Rəqibdəki arxayınlıq yavaş-yavaş kollektiv şəkildə hücuma atılmağımıza, topa nəzarət etməyimizə gətirib çıxardı. Hətta 30-cu dəqiqədə bunun bəhrəsini görə bilərdik. Pressinq nəticəsində ələ keçirilən top Əli Qurbaninin önünə atıldı, o isə qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı. Bu epizod Draqan Stoykoviçin yetirmələrini sanki ayıltdı. Serblər artıq daha intizamlı oynayır, topa nəzarət etməklə kifayətlənməyə çalışırdılar. Bu da onlarda alındı. çünki fasiləyə qədər futbolçularımızı topsuz qoymağı, hücum qurmağımıza mane olmağı bacardılar.

Canlanma ilə gələn bərabərlik qolu

Fasilədən sonra millimizin heyətində dəyişiklik olmasa da, komandanın oyununda canlanma var idi. Eyni ilə Portuqaliya ilə matçdakı kimi, bu dəfə də futbolçularımızda inam yaranmışdı. Serbərdə isə adi epizodlarda top itkiləri yığmamıza daha kəsərli həmlələr üçün şərait yaradırdı. Hissənin əvvəlində Anatoli Nuriyev qəhrəmana çevrilə bilərdi. Lakin paxıllıq etməyib ötürmə versəydi. üç nəfərlə rəqibi azlıqda yaxalasaq da, Nuriyev komanda yoldaşlarına ötürmə əvəzinə o qədər də əlverişli olmayan mövqedən zərbəni üstün tutdu və növbəti real şans əldən çıxdı. Qonaqlar bir növ əks-hücum taktikası seçərək, müdafiəçilərimizi azlıqda yaxalayıb, ikinci qolu vurmağa ümid edirdilər. Ancaq komandamızın cəsarətli oyunu 59-cu dəqiqədə bəhrəsini verdi. Emin Mahmudov qazandığı penaltini özü ustalıqla yerinə yetirdi – 1:1.

Məcburi əvəzləmənin gətirdiyi məğlubiyyət

Komandanın oyunundan ilhamlanan de Byazi bir qədər sonra hücum xəttində dəyişikliyə əl ataraq Ramil Şeydayevlə Mahir Emrelini döyüşə atdı. Bu məqamda Nuriyevlə Qurbaninin əvəzlənməsi başadüşülən idi. çünki həm çox yorulmuşdular, həm də serblərin hücuma atılacağı son dəqiqələrdə əks-hücumdan sürətli oyunçulara ehtiyac var idi. Salahlının yerinə Təmkin Xəlizadənin mübarizəyə qoşulması da mövqe gücləndirilməsinə xidmət edirdi. Təəssüf ki, Emreli meydanda çox qala bilmədi. Onun zədələnməsi məcburi əvəzləməyə səbəb oldu. Elvin Cəfərquliyevin meydana daxil olması oyun planında da dəyişikliyə yol açdı. Komanda bu sistemə uyğunlaşmamış qapımızda qol gördük. Bəlkə də, Mahir zədə almasaydı, komandamız matçdan ən azı bərabərliklə ayrılacaqdı. çünki həm rəqib yorğun görünürdü, həm də komandamız oyuna istədiyi kimi nəzarət edirdi. Məhz bu əvəzləmə bütün planları pozdu. Son dəqiqələrdə isə meydançada kimin hansı mövqedə oynadığı bəlli deyildi. De Byazinin yetirmələri bərabərlik topu üçün hücuma atılmağa cəhd etsə də, daha təcrübəli serblər gözləniləndən zəif oyuna baxmayaraq, özlərini itirmədilər və minimalhesablı nəticəni sona qədər qorudular.

Beləliklə, yığmamız ardıcıl 3-cü matçından 1 top fərqli məğlubiyyətlə ayrıldı. Əvvəlki görüşlərlə müqayisədə komanda daha kompakt görünsə də, bu, seçmə mərhələdə ilk xal üçün yetərli olmadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest