Futbol üzrə UEFA çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan İngiltərənin "Liverpul" klubu ilə oyun Madrid "Real"ının iki futbolçusu – Kərim Benzema və Junior Vinisius üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, Benzema Madrid təmsilçisinin heyətində çempionlar Liqasında 108-ci oyununu keçirib.
 
33 yaşlı hücumçu bununla "kral klubu"nun sabiq futbolçusu Roberto Karlosun rekordunu qırıb. Braziliyalı müdafiəçi Madrid təmsilçisinin heyətində 107 çL matçına çıxmışdı. Hazırda "Real"da yalnız 3 futbolçu çempionlar Liqasında Benzemadan daha çox oyuna çıxıb. Hazırkı kapitan Serxio Ramos 128, keçmiş hücumçu Raul Qonsales 130, sabiq qapıçı İker Kasilyas isə 150 qarşılaşmada meydanda olub. 
 
Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real"ın formasını geyinir. Fransız futbolçu bu mövsüm sözügedən komandada bütün turnirlər çərçivəsində 34 oyuna çıxıb. O, bu görüşlərdə 24 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
 
Vinisius Junior isə "Liverpul"la oyunda dubla imza atıb. O, 2000 təvəllüdlü oyunçular arasında çempionlar Liqasının 1/4 finalında qol vurmağı bacaran ilk futbolçu olub. Braziliyalı futbolçu buna 20 yaş 268 günlüyündə nail olub. Vinisius həm də "Real"da Raul Qonsalesin (18 yaş 253 gün) ardından çempionlar Liqasının pley-off mərhələlərində qol vurmağı bacaran ən gənc futbolçu oldu. Madridlilərin tarixində bir çox rekordlara imza atmış Raul buna 1996-cı ildə İtaliyanın "Yuventus" klubu ilə oyunda nail olmuşdu.
 
Qeyd edək ki, braziliyalı futbolçu 3:1 hesabıyla qalib gəldikləri oyunda iki qolla yadda qalıb. Bu, onun "Real"da ilk dubludur. O, bu mövsüm bütövlükdə 6 qol vurub, 6 məhsuldar ötürməyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest