"Doğrudu, "Qəbələ"dən təklif almışdım. Ancaq onlarla danışıqlarımız uğurlu alınmadı". Bu sözləri matç.az saytına açıqlamasında seneqallı hücumçu Malik Mane deyib.

Qazaxıstanda mövsüm başa çatan kimi, "Akjayık"la yollarını ayıran 30 yaşlı forvard karyerasını ölkəmizdə davam etdirə bilərdi. çünki "Qəbələ" onun xidmətində maraqlı idi. Lakin Mane "qırmızı-qaralar"la danışıqların baş tutmadığını söyləyib: "Qəbələ"nin təklifi ürəyimcə olmadı. Maddi məsələdə ortaq məxrəcə gələ bilmədik. Onlar menecerimlə danışıq aparırdılar. Ancaq agentim sonra bildirdi ki, təklif sərfəli deyil".

"Qəbələ"yə keçidi baş tutmayan Mane Qazaxıstanda qalmaq qərarına gəlib. O, 2016 və 2017-ci illərdə formasını geyindiyi "Taraz" klubu ilə üçüncü dəfə anlaşıb. Futbolçu hətta ölkəmizdən başqa təklif aldığını da gizlətməyib: "Azərbaycandan başqa təklifim də var idi. Ancaq "Taraz"ın təklifi daha sərfəli oldu. üstəlik, əvvəllər də bu komandada oynamışam. Deyə bilmərəm ki, "Qəbələ" nə qədər pul təklif etmişdi, "Taraz" nə qədər. Ancaq həm maliyyə şərtləri, həm də tanıdığım komanda olması seçimimi "Taraz"ın xeyrinə etməyimə səbəb oldu. Bu üzdən yaxın müddətdə Azərbaycana gəlişim baş tutmayacaq. Ancaq gələcəkdə bu, gerçəkləşə bilər. çünki Azərbaycanda çıxış etmək mənim üçün də maraqlı olar".

Qeyd edək ki, Malik Mane Qazaxıstanda "Taraz" və "Akjayık"dan əvvəl "Aktobe"də çıxış edib. O, 2012-ci ildə 1 matçda Seneqal yığmasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest