Topaz Premyer Liqası klublarının yay transferlərini və mövsümün ilk dövrəsindəki çıxışını dəyərləndirməkdə davam edirik. Dekabrın sonlarında ilk 4 pillədəki komandanı araşdırdıqsa, bu dəfə ikinci "dördlüy"ə nəzər yetirəcəyik.

ötən mövsümün gümüş mükafatçısı və ölkə kubokunun finalçısı "Qəbələ" üçün yay transfer dönəmi heç də uğurlu alınmadı. İlk olaraq baş məşqçi Roman Qriqorçuk ayrılıq qərarını açıqladı. Az sonra Vitali Vernidub, Filip Ozobiç, Famussa Kone, Baqali Dabo kimi aparıcı əcnəbilər yola salındı. Xüsusən də, Ozobiçlə Dabonun gedişinin "qırmızı-qaralar"ın gücünə təsiri qaçılmaz idi. Yerlilərdən Elvin Məmmədov, Ruslan Qurbanov və icarədən qayıdan Araz Abdullayevin ayrılığının isə elə ciddi bir fəsadı olmamalı idi. çünki adıçəkilən simalar, onsuz da, əsas heyət üzvü deyildilər.

Baş məşqçi postuna uzun illər komandada köməkçi vəzifəsində çalışan Sənan Qurbanov gətirildi. İcarədən qayıdan Bəhlul Mustafazadə müdafiənin mərkəzində Vernidubun boşluğunu doldurmalı idi. Bölgə təmsilçisi ilə çoxdan anlaşan Rauf Əliyevdən əvvəlki performans gözlənilirdi. Ancaq hadisələri qabaqlayıb deyək ki, millimizin hücumçusu ümidləri doğrultmadı. Sənan Qurbanovun ixtiyarına verilən Lalavele Atakora, Ceyms Adeniyi və Sabien Lilaydan da çox şey asılı idi. Atakora-Adeniyi cütlüyü hücumda Stiven Monrozla uğurlu "trio" təşkil etməyi bacardı.

Sənan Qurbanov ilk oyununda böyükhesablı qələbəyə sevinsə də, sonrakı gedişat komandada ciddi çaxnaşmalara səbəb oldu. "Uğursuzluq zolağı"na düşən "Qəbələ"də 4 məğlubiyyət və 2 heç-heçə Qurbanovun da postunu laxlatmışdı. Gənc mütəxəssis bəzi futbolçuların zəif çıxışından gileylənir, hətta özü ayrılmaqda qərarlı görünürdü. Ancaq klub rəhbərliyi ona güvənməkdə davam etdi və israrla vəzifəsində saxladı. Qurbanov da heyətdə bəzi dəyişikliklərlə vəziyyəti düzəltdi. Nəticədə tilsim VIII turda "Neftçi" üzərində qələbə ilə qırıldı.

İkinci dövrədə yeganə məğlubiyyətini "Qarabağ"dan alan "Qəbələ" turnir cədvəlində də ilk "4-lüy"ə yaxınlaşdı. Ancaq komanda son turlarda qol yollarında sıxıntı yaşamasaydı, yeni ilə 3-cü pillədə girəcəkdi. çünki ilk yarının son iki turunda "Zirə" və "Səbail"lə qolsuz bərabərlik "qırmızı-qaralar"ın 4 xalını əlindən aldı.

"Qəbələ" hazırda heyət baxımından yalnız "Neftçi" və "Qarabağ"dan zəif görünür. "Səbail" və "Sabah"ın da ilk "4-lük"də özünə yer tapması sırf bölgə klubunun mövsümə uğursuz başlanğıc etməsindən qaynaqlanır. İndi Sənan Qurbanov problemli mövqeləri gücləndirməklə bürünc mükafat uğrunda rahatlıqla mübarizə apara bilər. İlk növbədə müdafiə xəttinə əl gəzdirmək vacibdi. Təmkin Xəlilzadənin gedişi bu baxımdan vəziyyəti daha da qəlizləşdirib. Həmçinin irəlidəki "trio"nu işə salacaq güclü pleymeykerə ehtiyac var.

Sənan Qurbanov və kollektivi "Qəbələ"ni siyahıdan silənləri yanıltmaq məcburiyyətindədi. Əks təqdirdə, həm baş məşqçi, həm də futbolçuların əksəriyyəti gələn mövsümə "qırmızı-qara" formada girməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest