İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina Avropa Super Liqası layihəsinə qoşulan klublarla bağlı açıqlama verib.
 
Matc.az xəbər verir ki, yerli mətbuata danışan Qravina, "Yuventus", "İnter" və "Milan"ın cəzalandırılmayacağını bildirib:
 
"Biz futbolun dəyərlərini müdafiə etdik. Artıq hər şey normallaşıb. Lakin bu cür hadisələrin qarşısına almaq üçün təkliflərə ehtiyac var.
 
Super Liqaya qoşulan "Yuventus", "Milan" və "İnter" klublarının rəhbərləri ilə xüsusi görüşüm olmayacaq. Sanksiyalar? Xeyr, reallaşmayan bir fikir sanksiyaya məruz qalmır. Gələcəkdə qanunlara zidd olan nəsə olsa, onda məsələ ədliyyə orqanları tərəfindən araşdırılacaq".
 
Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "çelsi", "Arsenal", İspaniyanın "Barselona", "Atletiko", "Real", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları iştirak edəcəkdi.
 
Futbol ictimaiyyətinin narazılığından və UEFA-nın təzyiqlərindən sonra İspaniyanın "Real" və "Barselona" klubundan başqa, digər bütün iştirakçılar Avropa Super Liqası layihəsindən çıxdıqlarını açıqlayıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest