Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Slavolyub Muslin 30 ildi məşqçiliklə məşğuldu. Matç.az saytı xəbər verir ki, 65 yaşlı mütəxəssis karyerası ərzində 21 iş yeri dəyişib.

1995-96 mövsümündə "Bordo" məhz onun rəhbərliyi altında avrokubokda uğurlu çıxışla diqqət çəkib. Muslin fransızları UEFA Kubokunda 1/4 finala qədər aparsa da, daxili birincilikdəki uğursuz çıxışa görə, vəzifəsindən uzaqlaşdırılıb. Həmin mövsüm Biksent Lizarazyu, Zinəddin Zidan, Kristof Duqarrili "Bordo" finala qədər irəliləməyi bacarıb.

Muslin ən böyük uğurunu, şübhəsiz ki, 2016-2017-ci illərdə çalışdırdığı Serbiya yığması ilə qazanıb. O, ölkəsinin komandasını Dç-2018-in final mərhələsinə daşısa da, mundiala yollana bilməyib. Bunun isə maraqlı səbəbi var.

Məsələ burasındadı ki, qarşıya qoyulan hədəfə çatan çalışdırıcıya Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza həmin vaxt şərt qoyub. Həvəskar futbolla məşğul olan federasiya prezidenti seçmə mərhələnin Gürcüstanla son matçında heyətə salınmaq və ikinci hissədə meydana daxil olmaq istəyib. Ancaq Muslin bu tələbi düşünmədən rədd edib. Baş məşqçidən gözlənilmədən "yox" cavabı alan 40 yaşlı federasiya rəhbəri dərhal növbədənkənar iclas keçirərək, millini mundiala daşıyan mütəxəssisi qovmaq qərarına gəlib.

Kokezanın bu addımı ölkədə böyük səs-küyə səbəb olub və o, futbol ictimaiyyətinin qınaq obyektinə çevrilib. Prezident isə özünü təmizə çıxarmaq üçün Muslinin federasiyadan pul "qoparmaq" üçün bu iddianı ortaya atdığını söyləyib.

Serbiya yığmasının keçmiş futbolçusu Matey Kejman isə Muslinin futbolçuları yığmaya cəlb etmək üçün onlardan rüşvət aldığını iddia edib. Bu açıqlamasına görə mütəxəssis Kejmanı məhkəməyə vermişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest