Avrokubokların gələn ay başlayacaq həlledici mərhələlərinin görüşlərini idarə edəcək hakimlər müəyyənləşib. Matç.az xəbər verir ki, UEFA Top-hakimlər üçün növbəti seminar keçirəcək.

Məhz bu kurslarda iştirak edənlər çempionlar Liqasının 1/8 və Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq davam etdiriləcək turnirlərin oyunlarına təyinat ala bilər. Yanvarın 27-31-də baş tutacaq kurslara elit, 1-ci və 2-ci kateqoriyalı ədalət təmsilçiləri dəvət alıb. Seminar üçün açıqlanan siyahıda azərbaycanlı FİFA hakimi Əliyar Ağayev də yer alıb. UEFA-nın 1-ci kateqoriyasına malik təmsilçimiz Portuqaliyadakı kurslarda qaydalardakı yenilik və tövsiyələrlə tanış olacaq.

Bununla da cari mövsüm Avropa Liqasının qrup mərhələsində 2 oyun idarə edən Ağayevin 1/16 finalda debüt şansı yaranacaq. Belə təyinat gerçəkləşsə, o, müstəqil Azərbaycanın ilk belə hakimi olacaq.

Qeyd edək ki, Top-hakimlərin seminarı ilə paralel 2019-cu ildən FİFA statusu alan referilər üçün də kurslar keçiriləcək. Beynəlxalq arenada debütə hazırlaşanlar arasında Azərbaycanı Rauf Cabbarov təmsil edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest