Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan "Kəpəz", "Turan Tovuz", "Qaradağ-Lökbatan" və "Zaqatala" klubları Premyer Liqaya lisenziya ala bilməyib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın Lisenziya Komissiyası qərar qəbul edib.
 
Toplantıda 2021/22 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
 
"Kəpəz", "Turan Tovuz", "Qaradağ-Lökbatan" və "Zaqatala" Premyer Liqada iştirak üçün sənədlərini versə də, onların elitada oynamasına icazə verilməyib. Qərarda o da qeyd olunub ki, lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
 
AFFA-nın Lisenziya Komissiyasının bu qərarlarından sonra əminliklə demək olar ki, Azərbaycan Premyer Liqasında növbəti mövsümdə də 8 komanda mübarizə aparacaq. Söhbət "Qarabağ", "Neftçi", "Sumqayıt", "Zirə", "Keşlə", "Sabah", "Qəbələ" və "Səbail" klublarından gedir. Lisenziya Komissiyası bu klublardan son ikisinə avrokuboklara lisenziya verməsə də, onların Premyer Liqada iştirak üçün lisenziya aldığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest