Azərbaycan Premyer Liqasında 2020-21 mövsümü başa çatdı. Matc.az saytı xəbər verir ki, çempionatın sonluğu dramatik alındı. çünki çempionun adına mövsümün son görüşündə aydınlıq gəlirdi. Son illər ilk dəfə idi ki, belə bir hal yaşanırdı. üstəlik, həlledici qarşılaşmada qızıl medallara iddia edən iki əzəli rəqib – "Qarabağ"la "Neftçi" üz-üzə gəlirdi.

Premyer Liqa
XXVIII tur
"Neftçi" – "Qarabağ" – 1:0
Qol: Ahmed Ahmedov, 90
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, oyundan sonra
"Neftçi": 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane (9. Ahmed Ahmedov, 85), 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda (22. Mirabdulla Abbasov, 69), 24. Yusuf Laval (28. Stiven Monroz, 76), 5. Anton Krivotsyuk, 26. ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 20. Mert çelik, 49. Rener Alves De Souza, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Samir Abasov
"Qarabağ": 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli (8. Uroş Matiç, 74), 10. Abdullah Zubir (4. Rahil Məmmədov, 87), 9. Xayme Romero, 81. Kevin Medina, 6. Patrik Andrade (7. Kvabena Ovusu, 46), 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 95. Məmməd Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
19 may. "Dalğa Arena", tamaşaçısız

Gözlənilən "11-lik"lər
Son turdan əvvəl "Qarabağ" "Neftçi"ni turnir cədvəlində cəmi 1 xal qabaqlayırdı. Yəni ağdamlıları çempionluq üçün təkcə qələbə yox, bərabərlik də qane edirdi. Ancaq bakılıların qalibiyyətdən başqa yolu yox idi. Bir sözlə, hər şey komandaların öz əlində idi.
Hər iki komandanın baş məşqçisi start "11-liy"ində sürpriz ada yer verməmişdi. "Qarabağ" standart olaraq 4-5-1 taktiki sxemində meydana çıxmışdısa, "Neftçi" 5-li müdafiə sistemini bu dəfə də dəyişməmişdi. Ancaq baş məşqçi Samir Abasov orta sahədə daha çox oyunçuya yer vermək üçün Namiq Ələsgərovu hücumun sivri ucunda meydana buraxmışdı. Yusuf Laval yenə sol cinahdan müdafiəçi/hücumçu işini icra etməli idisə, Keysuke Honda ilə Sabir Buqrin hücuma ilk dəstək verən simalar olmalı idi.

"Qarabağ"dan aqressiv, "Neftçi"dən sakit start
Matça aqressiv başlayan "Qarabağ" futbolçuları ilk dəqiqələrdən nəzarəti ələ keçirdi. Bunda komandanın topla yüksək səviyyədə oynamaq bacarığı və təcrübəsi də böyük rol oynadı. Rəqibin orta sahədəki sıxlığına baxmayaraq, Qurban Qurbanovun yetirmələri hətta erkən qolla intriqanı "öldürə" də bilərdi. Lakin əlverişli vəziyyətdə Mahir Emrelinin ayağı boşa getdi, Xayme Romero isə uğursuz zərbə vurdu.

Bu epizod da "Neftçi"ni silkələmədi. İkinci planda oynayan "flaqman" ilk növbədə müdafiədə etibarlı oynayıb, imkan daxilində sürətli hücumlar qurmağı düşünürdü. Hərçənd Samir Abasovun komandasının görüşə sürətli başlayıb, erkən qol axtarışında olacağı güman edilirdi. Ancaq görünür, baş məşqçi birinci növbədə qapının toxunulmazlığını qorumaq, qol üçün ikinci hissədə rəqib qapısına "yüklənmək" barədə tapşırıq vermişdi. Hər halda rəqibin gücünə bələd olan "Neftçi" həm də əvvəlki matçlarda müdafiə taktikası ilə "Qarabağ"ı büdrətdiyindən, eyni oyuna sadiq qalmışdı.

Yarım saatlıq üstünlük
Dəqiqələr keçdikcə "Qarabağ" "klas"ını daha qabarıq şəkildə göstərməyə başladı. Sanki qələbə ev sahiblərinə yox, qonaqlara lazım idi. "Ağ-qaralar" çox az topu ayağında saxlaya bilirdi. Onda da komanda müdafiəyə o qədər aludə olmuşdu ki, hücuma az adamla çıxırdı və belədə rəqib qapısına heç yaxınlaşa bilmirdi. Bir neçə epizodda əks-hücum zamanı komanda yoldaşları irəli şığıyan Namiq Ələsgərovun önünə top ata bilirdilər. Lakin onun uzun reyddən sonra cərimə meydanına ötürməsinə qoşulacaq kimsə tapılmırdı. çünki Namiqə ən yaxın oynayan Keysuke Honda rəqibin cərimə meydanında çox görünmürdü.

"Qarabağ" təxminən yarım saat matça diktə etdikdən sonra tempi bir qədər aşağı saldı. Bu da "Neftçi"nin əl-qolunu açmasına səbəb oldu. Artıq meydanın mərkəzində başabaş mübarizə izləyirdik. Hətta "ağ-qaralar" fasiləyə yaxın hesabı aça da bilərdi. Ancaq sürətli hücum zamanı sağ cinahda topu qəbul edən ömər Buludov hər şeyi düz etdi, bircə yaxın məsafədən son zərbədən başqa. Hissənin sonlarında "Qarabağ" da "Neftçi" kimi, ehtiyatlı oyuna daha çox üstünlük verdi. Bu da qapılar qarşısında təhlükəli vəziyyətlərin yaranmasına mane oldu.

Romero və Emrelinin qaçırdığı imkan
"Qarabağ" ikinci hissəyə məcburi əvəzləmə ilə başladı. Fasilə ərəfəsində zədələnən yarımmüdafiəçi Patrik Andradenin yerinə Ovusu Kvabena mübarizəyə qoşuldu. Bunu bir növ riskli əvəzləmə də saymaq olardı. çünki Andradedən fərqli olaraq, Kvabena hücumameyilli oyunçudu. Bu, ağdamlıların hücumunu hər nə qədər gücləndirsə də, müdafiə olunmaq baxımından problem yarada bilərdi. "Neftçi" də artıq müdafiə futbolu sərgiləmir, rəqibə tam olmasa da, açıq oyun təklif edirdi. Doğrudur, qarşılaşmada sürət artmışdı. Ancaq komandalar çox adamla hücum etməyə çəkinirdi. Dəqiqələr keçdikcə artıq həyəcan da artırdı. Belə məqamlarda da standart vəziyyətlər həlledici təsir gücünə malik olur. Matçı o qədər də yaxşı keçirməyən Xayme Romero bir epizodda məhz cərimə zərbəsindən fərqlənməyə çox yaxın oldu. Lakin ispaniyalının qəhrəmana çevrilməsinə qapı tiri imkan vermədi. Bir qədər sonra isə Xaymenin standart vəziyyətdən havalandırdığı topa Mahir dəqiq baş zərbəsi vura bilmədi.

Abasov hücumu gücləndirmək, Qurbanov məcburi əvəzləmələrlə məşğul idi
"Neftçi"yə meydanın ona aid hissəsində təzyiqini davam etdirən "Qarabağ" rəqibin hücuma atılmasına imkan vermirdi. Komandanın irəli çıxmaqda çətinlik çəkdiyini görən Samir Abasov yorğun görünən Hondanın yerinə Mirabdulla Abbasova şans verdi. Bununla iki hücumçulu taktikaya keçən çalışdırıcı 76-cı dəqiqədə va-banka getdi. Stiven Monrozun meydana çıxması ilə "Neftçi" 4-3-3 taktikasına keçdi. Qarşı tərəfdə isə ikinci məcburi əvəzləməyə əl atıldı. Bu dəfə komandanın qol "silahı" Mahir Emreli zədələnərək mübarizəni davam etdirə bilmədi. Uroş Matiçin meydana daxil olmasından sonra Ovusu hücumun mərkəzinə keçdi.

Antiqəhrəmandan qəhrəmana
Matçın son dəqiqələri hər iki komanda üçün olduqca həyəcanlı alındı. Artıq bir səhvin hər şeyi həll edəcəyi anlar idi. "Qarabağ" yenə də topa və oyuna nəzarəti itirmirdi. "Neftçi"nin isə itirəcəyi bir şey qalmamışdı. Bunu nəzərə alan baş məşqçi Ahmed Ahmedovla hücumçularının sayını 4-ə çatdırdı. Yəni son dəqiqələrdə "flaqman"ın bütün forvardları meydanda idi. Qurban Qurbanovun buna cavabı isə Rahil Məmmədovu meydana buraxaraq 5-li müdafiə sisteminə keçmək oldu.

Son dəqiqələr "Qarabağ"ın nəticəni qoruyacağından xəbər verirdi. Lakin dediyimiz ani diqqətsizliyi 90-cı dəqiqədə məhz ağdamlılar müdafiə xəttində etdilər. Bunu da gəldiyi gündən azarkeşlərin əsəbləri ilə "oynayan" Ahmed Ahmedov lazımınca dəyərləndirərək, bir anda qəhrəmana çevrildi. Məhz bu top "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluq seriyasına son qoydu və "Neftçi"yə taxirində 9-cu çempionluğu qazandırdı.

Hakimlik
Əslində, oyunda hakimə çox iş düşmürdü. çünki hər iki tərəf yaradıcı, səliqəli futbol oynamağa çalışırdı. Sarı vərəqələrin sayının az olması da bundan xəbər verirdi. Sürpriz şəkildə qarşılaşmaya təyinat alan Elçin Məsiyevin əsasən iki qərarı mübahisəyə səbəb oldu. Maraqlıdı ki, hər iki vəziyyət "Neftçi"nin qapısı qarşısında yaşandı. İkinci epizodu hardasa keçmək olardı. O mənada ki, top bədənə dəydikdən sonra ələ tuş gəldi. Ancaq Məsiyevin 53-cü dəqiqədəki kobud səhvi, bəlkə də, "Qarabağ"ı çempionluqdan məhrum etdi. Voyislav Stankoviç cərimə meydanı daxilində Xayme Romeronu aşkar kobudluqla dayandırsa da, təyinatı sürpriz olan referi bu epizodda da sürpriz qərarla oyunu davam etdirdi...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest