Uzun sürən həsrətdən sonra Azərbaycan çempionu olan "Neftçi" heyətini gücləndirməkdə maraqlıdır. Matc.az xəbər verir ki, baş məşqçi Samir Abasov heyətə azı 5 yeni oyunçu qatılmasını istəyir.

Şübhəsiz, gələnlər fonunda komandadan ayrılanlar da olacaq. Artıq Abasovun daha yaxşıları ilə əvəz etmək istədiyi futbolçuların ilkin siyahısı bəllidir. Rəhbərliyin ümidlərini doğruldan çalışdırıcı həm səviyyəni yaxşılaşdırmaq, həm də "oturuşmuş" heyəti qorumaqda maraqlıdır.

Qışda Sofiya MOİK-indən icarəyə götürülən Ahmed Ahmedovun vurduğu qol sayəsində çempionluğu bayram edən "ağ-qaralar"ın bu hücumçu ilə bağlı dəqiq qərar verməyə çətinlik çəkdiyi bəlli məsələdir. İndilik Bolqarıstan türkünə "qal" deyən olmayıb. Məşqlərdə özünü yaxşı tərəfdən göstərən "9 nömrə"nin yola salınmaq ehtimalı daha çoxdur. Samir bəy hücumdakı rəqabəti artırmaq üçün bir neçə ön xətt oyunçusunu nəzərdən keçirir.

Bakılıların ən çox məvacib alan oyunçularından olan Stiven Jozef-Monrozun da zəif oyunu göz qabağındadır. Müqaviləsinin müddəti başa çatan sabiq "Qəbələ"linin potensialından aşağı futbolla diqqət çəkməsi hər şeyi deyir. Xüsusi nəsə baş verməsə, Stiven göndəriləcək. O, yalnız maaşının nəzərəçarpan dərəcədə azaldılmasına razı olacağı halda, komandada saxlanıla bilər ki, bu da inandırıcı deyil.

Yapon ulduz Keysuke Hondanın ortaya qoyduğu futbolun klubun məqsədləri ilə uzlaşmaması da faktdır. "Qoca" Honda təcrübəli olsa da, əvvəlki formasından uzaqdır. Azərbaycan Premyer Liqasında 7 oyuna 2 top vuran və qızıl medalı boynundan asan yarımmüdafiəçiyə xərclənən pula ondan faydalısını gətirmək əsas planlardan biridir.

Gənc braziliyalı Rener Alvesin baş məşqçinin gələcək planlarına daxil olmadığı heç kimə sirr deyil. Bunu Abasov şans vermədiyi "sambaçı" ilə bağlı danışarkən özü də deyib. Oynamayan cənubi amerikalı perspektiv vəd etmədiyi üçün yola salınacaq.

ötən ilin yayında "ağ-qaralar"la 2 illik müqavilə imzalayan digər braziliyalı - sol cinah müdafiəçisi Tallison Diasla bağlı vəziyyət də ürəkaçan deyil. Mövsümün sonlarında daha çox ehtiyatda qalan Tallisonun mövqeyində ondan üstün fiqur görmək istəyən mütəxəssis bu braziliyalıdan da qurtulmağın düzgün seçim olduğunu düşünür. Sözügedən futbolçuyla qarşılıqlı razılıq əsasında yolların ayrılması gözləniləndir (fanat.az).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest