"Neftçi"nin ulduz futbolçusu Keysuke Honda Azərbaycandan ayrılmağa qərar verib. Matc.az xəbər verir ki, iki ay öncə paytaxt təmsilçisi ilə mövsümün sonuna kimi müqavilə imzalayan yaponiyalı yarımmüdafiəçi ölkəmizdəki missiyasını bitmiş hesab edir.
 
"Ağ-qaralar"ın heyətində 7 çempionat oyununa çıxan Keysuke, 2 qolla yadda qaldı. Ən əsası isə Honda mövsümü Azərbaycan çempionu kimi başa vurdu. O, "Qarabağ"a qarşı keçirdikləri həlledici oyunla bağlı fikirlərini bölüşüb:
 
"Oyun bizim üçün çox çətin keçdi. Matçdan öncə baş məşqçi bizə ancaq nəticənin önəmli olduğunu söyləmişdi. Mənim üçün də 60-70 dəqiqə meydandan olmaq ağır idi. "Neftçi" ilə Azərbaycan çempionu olduğum üçün çox şadam. Karyeramın son illərində çox hadisələr baş verdi. Amma bu mövsümün sonuna görə çox sevinirəm. çünki bu kluba cəmi iki ay öncə gəlmişdim, belə qısa müddətdə isə çempionluq sevinci yaşadım. İnanılmaz uğurdur. Mənə bu imkanı yaradan hər kəsə təşəkkür etmək istərdim. Azərbaycanı həmişə xatırlayacağam". 
 
Honda "Neftçi"dən ayrılacağını da gizlətməyib: "Hələ bura gələrkən baş tutan mətbuat konfransında "Neftçi"yə çempion olmaq üçün gəldiyimi demişdim. Biz bunu bacardıq. Amma növbəti mövsüm üçün burada qalacağımı düşünmürəm. "Neftçi"yə və azarkeşlərinə növbəti mövsümdə uğurlar arzulayıram. çempionlar Liqası amilinin qərarımı dəyişəcəyini düşünmürəm". (1news.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest