"Keşlə"nin idman direktoru Ceyhun Sultanov Yasamal Rayon Baş Polis İdarəsinə çağırılıb. Bu haqda matc.az saytına millimizin sabiq futbolçusunun özü məlumat verib. O bildirib ki, polisə dəvət edilməsi 3 il əvvəl mənzilində edilən oğurluq hadisəsi ilə bağlıdır. 
 
"3 il öncə evimdə oğurluq olmuşdu. Yeni ili qeyd etmək üçün ailəmlə xaricə getmişdik. Evə qayıdanda qapının sındırıldığını gördüm. Mənzilin işıqları yanırdı. Mənzilə bayırdan daxil olmuşdular. 22 mərtəbəli binanın 11-ci mərtəbəsinə girmişdilər. Mənim üçün müəmmalı qalmışdı ki, oğrular bunu necə bacarıb. Evdən şuba, qızıllar aparmışdılar. Bildiyimə görə, həmin dəstə artıq tutulub" – deyə, Sultanov bildirib. 
 
Onun sözlərinə görə, bu gün həmin hadisə ilə bağlı yenidən ifadə verib: "Bu gün müstəntiq məndən ifadə aldı. Bu işin izinə düşdükləri üçün müvafiq orqanlara təşəkkür edirəm. Peşəkar oğrular olub. Bundan sonra necə olacağını isə bilmirəm".
 
Qeyd edək ki, Bakıda çoxmərtəbəli binalardan oğurluq edən dəstə tutulub. Onların oğurluq etməmişdən əvvəl xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak etdiyi bildirilir. Həmin kurslarda öyrəndikləri vərdişlər sayəsində hündürmərtəbəli binaların damından kəndirlə oğurluq edəcəyi mənzillərin eyvanına düşüblər.
 
Onların ətraflarında həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov bir müddətdi paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla hündürmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest