"Neftçi"nin Mərakeş əsilli belçikalı futbolçusu Sabir Buqrin komandasının çempionluğundan, eləcə də növbəti mövsümlə bağlı planlarından danışıb. Matc.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Belçika mətbuatına açıqlamasında bunları söyləyib:
 
"Qarabağ" ardıcıl səkkiz (əslində yeddi – red.) dəfə çempion olmuşdu. Hər birimiz bu seriyanı bitirmək üçün xüsusi motivasiyalı idik. çətin bir matç oldu. çünki "Qarabağ" topa sahib olmağı sevən və onu itirən kimi dərhal təzyiqi artıran komandadır. Ancaq tədricən rəqib boşluqlar verməyə başladı və biz matçda üstünlüyü ələ aldıq. Qolu isə matçın son dəqiqəsində vurduq. Həmin anda görünməmiş bir sevinc partlaması oldu. Əlavə olunmuş dəqiqələrdə "Qarabağ" hesabı bərabərləşdirmək üçün bütün qüvvəylə irəli atılsa da, təzyiqə dözə bildik. Final fitindən sonra isə çempionluğu bayram etməyə başladıq. 
 
Bu, mənim karyeramdakı ən yaxşı mövsümdür. Artıq növbəti addım UEFA çempionlar Liqasının təsnifat mərhələsində uğur qazanmaqdır. Daha bir xəyalım gerçək olur. ümid edirəm ki, püşkatma bizim üçün düşərli olacaq və qrup mərhələsinə qədər irəliləməyi bacaracağıq".
 
Buqrin "Neftçi"də qalıb-qalmayacağına dəqiq qərar vermədiyini söyləyib: "Klubla daha bir illik müqaviləm var. Amma futbolda hər şey çox sürətlə baş verir. Belçikadan klublar bizimlə əlaqə saxlayıblar. Lakin heç nə dəqiqləşməyib. Əvvəlcə istirahət etmək və qazandığım titulun dadını çıxarmaq istəyirəm. Sonra həyat yoldaşımla evimizə baş çəkməliyəm. Sonrasına baxarıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest