"Həmin gün meydanda komanda yoldaşlarımın yanında ola bilməmək çox ağır gəldi mənə. Elə döyüşür, mübarizə aparır, əziyyət çəkirdilər ki... Onların yanında ola bilməməklə ömrümün yarısını itirdim"

"Qarabağ" "Neftçi"ylə həlledici oyunda Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev kimi aparıcı futbolçuların xidmətindən yararlana bilmədi. Mövsümü əla keçirən, millidəki çıxışları ilə futbolsevərlərin rəğbətini qazanan Şahruddin matçı kənardan izləsə də, olduqca gərgin və çılğın görünürdü. Komandasının çempion ola bilməməsinə bəlkə də ən çox üzülənlərdən idi. 26 yaşlı qapıçı yaşananlarla bağlı danışıb.
 
- çempionat başa çatdı. İstirahət necə keçir, əhval-ruhiyyə necədir?
- Bunu tam istirahət də adlandırmaq olmaz. Zədəli olsam da, son günə qədər Bakıda oldum, "Neftçi"ylə oyunu stadionda izlədim. Hazırda Rusiyadayam, sabahdan fərdi məşqlərə başlayacam.
 
- Sağlıq durumun necədir, zədən sağalır?
- Prinsipcə, yaxşılığa doğru gedir. Sabah fərdi məşqlərə başlayacam, amma yenə də ehtiyatlı olmalıyam. İnşallah, təlim-məşq toplanışına qədər tam hazır olacam.
 
- "Neftçi"nin çempionluğu sənin üçün nə dərəcədə gözlənilməz oldu?
- Təbii ki, gözlənilməz olmadı. Mövsümboyu onlarla bizim aramızda gərgin mübarizə yaşanmışdı, şəxsi görüşlərdə nisbi üstünlükləri vardı. Və ən əsası, hər şey sonuncu görüşdə həll olunacaqdı. Gözlənilməz deyildi, sadəcə, sonuncu oyunun son dəqiqələrində qol buraxmaq üzücü oldu. Allahın işidir, heç nə edə bilmərik.
 
- O cür oyuna kənardan baxmaq necə hiss idi?
- Həmin gün meydanda komanda yoldaşlarımın yanında ola bilməmək çox ağır gəldi mənə. Elə döyüşür, mübarizə aparır, əziyyət çəkirdilər ki... Onların yanında ola bilməməklə ömrümün yarısını itirdim.
 
- "Qarabağ" oyunboyu üstün tərəf idi. Matçın ən pis halda heç-heçə nəticələnəcəyini düşünürdük. Sən necə, məğlubiyyəti təsəvvür edirdin?
- Oyunun bizim üçün asan keçməyəcəyi hakimin ilk dəqiqələrdən verdiyi qərarlardan görünürdü. "Neftçi"nin məqsədi sərt və kobud oynamaq idi ki, hakim də buna hər cür şərait yaradırdı. Görüşün ilk dəqiqələrində Maksimin qayda pozuntusuna görə fitini səsləndirməmiş sarı vərəqəsi artıq əlindəydi. Şəxsən saydım, Kane ilk hissədə yeddi dəfə qayda pozuntusuna yol verdi, hakim "sarı" vermədi. Bunları deməklə ağlamaq fikrim yoxdur. Deməyim odur ki, yekun nəticədən hər şey gözləyirdim.
 
- "Neftçi"nin çempionluğu haqq etdiyini demək istəyirsən?
- çempiondurlarsa, deməli, haqq ediblər. Halal olsun! Təbrik edirəm!
 
- "Qarabağ" niyə çempion ola bilmədi?
- Səbəblər çoxdur və bunu siz jurnalistlər də yaxşı bilirsiniz. Ən ciddi problem Rəşad Sadıqovun komandanı tərk etməsiydi. Lider kimi meydandakı yoxluğu hiss olunurdu. O cür futbolçunun boşluğunu doldurmaq asan məsələ deyil. Azərbaycan futbolunda o cür lider yoxdur, bundan sonra da olmayacaq. O, təkcə futbolçu yox, həm də "Qarabağ" üçün dəyər idi.
 
Digər tərəfdən, itkiləri qeyd etməliyəm. Koronavirusa yoluxanlar və zədəlilər mövsümboyu komandaya təsirini göstərdi. Hətta həlledici dueldə də Mahirlə Patriki itirdik, Qara sona qədər zədəli halda oynadı. Heyət kasadlığına baxmayaraq, avrokuboklarda bütün oyunları səfərdə keçirməyimiz də hardasa öz sözünü dedi. Milliyə ən çox futbolçu "Qarabağ"dan qatılırdı. Yığmaya gedirdik, qayıdanda "Qarabağ"da eniş müşahidə olunurdu. Bu və digər səbəblərdən ard-arda 2-3 oyunu  eyni heyətlə oynaya bilmirdik. çempionluğun əldən çıxmasının günahkarı özümüzük, başqa kimisə günahlandırmaq olmaz.
 
- çempion ola bilməməyiniz öz yerində. Nədənsə elə gəlir ki, "Qarabağ"ın istirahətə ehtiyacı vardı.
- Həqiqətən son illər sıx qrafik altında oynayırdıq. "Qarabağ"la çempionat, mövsüm başa çatan kimi milli, ardınca avrokuboklar və yenə çempionatla kubok. Amma çempionluq matçında heç kim istirahət haqda düşünmürdü. Yeganə məqsədimiz "Neftçi"ni udub, çempion olmaq idi. Uğur haqda düşünəndə istirahət-filan yada düşmür. Məncə, bu yenilgi bizim üçün həm düşünmək, həm də dərindən "ah" çəkmək üçün yaxşı şans oldu.
 
- Bu zərbədən sonra avrokubok matçları öncəsı komandada ab-hava necə olacaq?
- İdeal olacaq. Bunu söz xatirinə demirəm, özünüz görəcəksiniz.
 
- Nəyə əsasən belə əminsən?
- Qurban Qurbanov kimi məşqçinin varlığına. "Neftçi"yə yenilgidən sonra paltardəyişmə otağına girib, bizə ən xoş sözləri söylədi, dəstək oldu, çəkdiyimiz zəhmətə görə minnətdarlığını bildirdi.
 
- Başa çatan mövsümü karyeranın ən parlaq dönəmi hesab edirsən?
- Deməzdim. Kənarda yaxşı görünə bilərəm, lakin özümü qane etməyən cəhətlərim var. Həm də aldığım zədələr çıxışıma təsirini göstərdi. özümdən tam razı deyiləm. Bundan artığını edə bilərəm. offsideplus.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest