"Onun transferində şəxsən maraqlıyam. Amma çox danışmaq istəmirəm". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib. O bildirib ki, "Keşlə"nin futbolçusu Sezar Meza Kollini heyətə qatmaq istəyir: "Onların bütün fikri ölkə kubokunun finalındadır. Hələ ki, gözləyək, futbolçu öz oyununu oynasın. Komandası əziyyət çəkib finala vəsiqə qazanıb. Son görüşdə "Sumqayıt" və "Keşlə"yə uğurlar arzulayıram. Kubokun finalından sonra bu məsələyə qayıdacağıq. Sezar Meza Kolli bizim maraq dairəmizdədir və mənim istədiyim oyunçulardan biridir. Nə ondan, nə də klubundan cavab gəlib. Biz də onları başa düşürük. Sadəcə, azarkeşlər narahat olmuşdular deyə, bunu deyirəm. Açıqlamaya da bilərdik. "Keşlə"nin son oyununun bitməsini gözləyirik. Ondan sonra hər şey dəqiqləşəcək".
Abasov "Keşlə"də icarə əsasında çıxış edən Turan Vəlizadə, Rəhman Hacıyev və "Sumqayıt"da oynayan Cabir Əmirlinin "Neftçi"yə qayıtma ehtimalına da toxunub: "Onların arasında Rəhman Hacıyevin qayıdışı haqqında düşünürük. Digər ikisi oynadıqları klublar da razı olsa, icarədə qalacaqlar. Amma Rəhmanın məsələsi edəcəyimiz transferlərdən də asılı ola bilər".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest