Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/21 mövsümünə yekun vuruldu. Matc.az xəbər verir ki, geridə qalan mövsümün ən məhsuldar futbolçusu isə "Tottenhem"in hücumçusu Harri Keyn oldu.
 
Komandası mövsümü yeddinci pillədə başa vursa da, ingilis forvard vurduğu 23 qolla Premyer Liqanın bombardiri olmağı bacardı. O, "Liverpul"un hücumçusu Məhəmməd Salahdan cəmi bir qol artıq vurub. üçüncü yerdə isə "Mançester Yunayted"in futbolçusu Bruno Fernandes qərarlaşıb – 18 qol.
 
23 qolu 35 matçda rəqib qapılarından keçirən Keyn, həm də 14 məhsuldar ötürmə müəllifi olub. Harri bu baxımdan da bütün rəqiblərini qabaqlayıb. Bruno Fernandeslə Kevin de Breyne (Mançester Siti) isə hərəyə 12 qol ötürməsi edib.
 
Qeyd edək ki, Keyn karyerasında üçüncü dəfə İngiltərə Premyer Liqasının bombardiri olur. 29 yaşlı futbolçu 2015/16 və 2016/17 mövsümlərində də ölkə çempionatının ən yaxşı bombardirinə çevrilmişdi.
 
Qeyd edək ki, Keynin bu yay "Tottenhem"dən ayrılması gözlənilir. Yenə ölkəsində qalmaq istəyən İngiltərə yığmasının hücumçusu ilə "Mançester Siti", "Mançester Yunayted" və "çelsi" yaxından maraqlanır.
 
"Tottenhem" növbəti mövsümdən Avropa Konfrans Liqasında mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest